Olimpiya çempionu Fransa qran-prisində təsəlli görüşünə çıxmamasına aydınlıq gətirdi

Milli komandamızın titullu sərbəst güləşçisi Toğrul Əsgərov (70 kq) bu yaxınlarda Fransada keçirələn qran-pri turnirində təsəlliverici görüşdə komanda yoldaşı Ruslan Dibirhacıyevlə qarşılaşmadan imtina edib. Allsport.az saytı xəbər verir ki, olimpiya çempionu, bunu zədəli olması ilə əlaqələndirib. Amma yayılan məlumatda, müayinə zamanı onun zədəsinin olmaması müəyyənləşdiyi deyilib. Belədə, bu olay qalmaqal yaradıb. London olimpiadasının qalibi dünən öz facebook səhifəsində məsələyə aydınlıq gətirib:

«Bildiyiniz kimi, ötən il aldığım zədədən sonra dizimdən əməliyyat olunmuş və uzun müddət müalicə-bərpa prosesi keçmişdim. Fransada keçirilən beynəlxalq turnirə bir neçə gün qalmış məşq zamanı ayağımdan yenidən zədə aldım. Ancaq buna əhəmiyyət verməyərək, bu turnirdə böyük həvəslə iştirak etmək arzusundaydım. Turnirdə ilk görüşü tam üstünlüklə, 6:0 hesablı qələbə ilə başa vurdum. Lakin ikinci qarşılaşmada qəflətən əməliyyat edilmiş dizimdə yaranan ağrı səbəbindən yarışı davam etdirə bilmədim. Həmin vaxt milli komandanın həkimi məni müayinə etdi və tibbi yardım aldım.

Ancaq buna baxmayaraq, görüşü davam etdirə bilmədim. Tutaşma 2:2 hesabı ilə başa çatdı. Qeyd edim ki, bu turnir dizimdə aparılan əməliyyatdan sonra iştirak etdirim ilk yarış idi. Zədəmin daha da ağırlaşacağından ehtiyat edib mübarizəni davam etdirə bilmədim. Hal-hazırda zədənin aradan qaldırılması üçün həkim nəzarətindəyəm və yüngül formada məşqlərimi davam etdirirəm.

İnşallah, tam sağaldıqdan sonra növbəti yarışlarda bütün qüvvəmlə mübarizə aparacam. Bir azərbaycanlı kimi, Vətəninə, dövlətinə, elinə-obasına bağlı bir insan kimi mənim ən böyük arzum beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında, olimpiya oyunlarında bundan sonra da uğurla iştirak edib, yüksək nəticələr əldə etmək, ölkə başçımız, möhtərəm prezidentimiz cənab İlham Əliyevin idmana və biz idmançılara, xüsusən də mənim özümə olan etimadını doğrultmaq, üçrəngli bayrağımızı daim yüksəklərə qaldıraraq, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməkdir.

Bu mötəbər yarışlara hazırlığımız üçün dövlətimiz və federasiyamız tərəfindən hər cür şərait yaradılıb. Qarşıdan gələn Avropa Oyunlarında, sentyabrda keçiriləcək lisenziya xarakterli dünya çempionatında uğurla çıxış etmək, London Olimpiadasındakı uğurumu təkrarlamaq istəyirəm».

Həmin kateqoriyadan