Ölkə başçısı Ümumdünya Antidopinq Agentliyinin prezidentini qəbul edib

Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinin başçılıq etdiyi nümayəndə heyəti paytaxtdadır. Allsport.az saytı xəbər verir ki, bu gün ölkə başçısı İlham Əliyev qonaqları qəbul edib. O, WADA-nın təsisçilər şurasının və icraiyyə komitəsinin iclaslarının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib və bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən xeyli sayda qonağın iştirak etməsinin önəmini deyib. Prezident tədbir iştirakçılarının Azərbaycana gəlişinin ölkəmizi daha da yaxından tanıması və uğurlu əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını söyləyib.

Azərtac.az-ın məlumatına görə, Odlar yurduna səfərinin onun üçün çox xoş olduğunu bildirən Kreyq Ridi, qarşə tərəfinin bu tədbirlərin təşkilinə böyük dəstək göstərdiyinə görə təşəkkür edib. O, tədbirlərdə müxtəlif ölkələrin nümayəndələrinin və ictimai xadimlərin iştirakının əhəmiyyətini vurğulayıb. WADA rəhbəri azərbaycanlı həmkarları  Şəfəq Hüseynova ilə dopinq əleyhinə mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardıqlarını deyərək, Azərbaycanda Milli Antidopinq Agentliyinin yaradılmasını dopinq əleyhinə mübarizə işində irəliyə doğru çox mühüm addım kimi dəyərləndirib. O qeyd edib ki, Azərbaycanın mühüm idman dövləti və güclü antidopinq təşkilatına malik olduğu nəzərə alınaraq bütün bu işlər mühüm əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı AMADA-nın yaradılmasında Kreyq Ridinin rəhbərlik etdiyi agentliyinin dəstəyinə görə minnətdarlığını bildirib. İlham Əliyev Azərbaycanda iki il bundan öncə belə bir qurumun yaradılmasının idmanın, olimpiya hərəkatının inkişafında mühüm addım olduğunu vurğulatıb və eyni zamanda, bunu idman sahəsində beynəlxalq əməkdaşlığa töhfə kimi dəyərləndirib. Dövlətimizin başçısı bildirib ki, ölkəmizdə keçirilən Avropa və İslam oyunları və digər tədbirlər və eləcə də keçirilməsi nəzərdə tutulan 15-ci Avropa olimpiya gənclər festivalı Azərbaycanın bu sahədə əməkdaşlıq siyasətini və imkanlarını nümayiş etdirir. Dövlətimizin başçısı ölkəmizin idman sahəsində böyük nailiyyətlər əldə etməsini, o cümlədən idmançılarımızın Rio olimpiadasında 18 medal qazanaraq medalların sayına görə 14-cü yeri tutduğunu xatırladıb. Prezident İlham Əliyev Azərbaycanın antidopinq məsələləri ilə bağlı Ümumdünya Antidopinq Agentliyi ilə bundan sonra da sıx əməkdaşlıq edəcəyini deyib.

Həmin kateqoriyadan