Ölkənin ən güclü sərbəst və yunan-Roma güləşçiləri bir araya gələcək

Dekabrda Sərhədçi idman olimpiya mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Allsport.az xəbər verir ki, yarışın əsasnaməsinə uyğun olaraq, mübarizəyə yunan-Roma güləşçiləri start verəcək. Dekabrın 4-də bütün 10 çəki (55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq) üzrə pəhləvanlar xalça üzərinə çıxacaq. İlk yarış günündə finalçılar müəyyənləşəcək, təsəlliverici qarşılaşmalar keçiriləcək. Növbəti gün axşam seansında həlledici görüşlər baş tutacaq və güləşin bu növündə medalçılar bəlli olacaq.

Dekabrın 5-də sərbəst güləş üzrə yarışa da start veriləcək. Həmin gün bu növ üzrə 10 çəkidə (57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq) finalçıların adlarına aydınlıq gələcək. Ertəsi gün əvvəlcə təsəlliverici, daha sonra medal görüşləri təşkil olunacaq.

Yarışlar hər gün saat 10:00-da başlayacaq. Çempionatın açılış mərasimi dekabrın 5-də 17:00-da start götürəcək. Çempionat boyunca arenaya giriş pulsuz olacaq.

Həmin kateqoriyadan