Osman Nurməhəmmədov 1/2 finalda

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, 2-ci yarış günündə – oktyabrın 3-də 57, 65, 79 və 92 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz Əfqan Xaşalov (57 kq) 1/8 finalda Meksika təmsilçisi ilə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən qalib gəlib. Ancaq 1/4 finalda Almaniya güləşçisinə uduzub.

Millimizin üzvü Əli Rəhimzadə (65 kq) ilk mərhələdə Koreya Respublikasından olan idmançısına məğlub olub.

Mübarizəyə 1/8 finaldan qoşulan Əşrəf Aşırov (79 kq) Slovakiyadan olan son Avropa çempionunu üstələyib. 1/4 finalda Yaponiya güləşçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda xalların keyfiyyətinə görə asiyalı idmançı qalib elan olunub.

Çempionatda 92 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Osman Nurməhəmmədov dünya çempionatına inamlı start verib. Millimizin üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Nurməhəmmədov Avropa 2-cisi olmuş Polşa güləşçisini də məyus edərək yarımfinala yüksəlib. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Həmin kateqoriyadan