Polina Rəhimova: Güclü azarkeş dəstəyi olsa, uğurlu çıxış edəcəyik

Qadın voleybol millimizin aparıcı üzvü Polina Rəhimova Avropa çempionatı öncəsi açıqlama verib. Allsport.az saytı xəbər verir ki, hücumçumuz azarkeş dəstəyinə ehtiyac olduğunu deyib:

“Toplanış yaxşı gedir. Əvvəlcə Qubada hazırlıq keçdik. Sonra Sloveniyada təlim-məşq toplanışında olduq. Ardınca Milanda İtaliya ilə 3 yoxlama oyunu keçirdik. İndi isə məşqlərimizi doğma məkanda davam etdiririk. Ucaboy oyunçularımızın çox olması bizim üçün üstünlükdü. Biz yaxşı hücum edə, blok qura və servislərdən istifadə edə bilirik. Ən əsası, oyunlarımızı doğma meydançada keçirəcəyik. Güclü azarkeş dəstəyi olsa, uğurlu çıxış edəcəyik.

Medal qazanmağı hədəfləmişik. Ancaq buna qədər qrupdan çıxmaq haqda düşünməliyik. Bu turnirdə zəif rəqibin olduğunu düşünmürəm. Bu üzdən qrupda hansısa komandanı gücünə görə fərqləndirmək doğru olmaz. Hətta Macarıstanı da siyahıdan silmək olmaz. Komandalar fərqli oyun üslublarına sahibdi. Hazırlıq vəziyyətləri də fərqlənir. Biz uzun müddətdi ki, AÇ-yə hazırlaşırıq. Bu da bizim üçün müsbət amildi”.

Həmin kateqoriyadan