Polşada 10 bədii gimnastımız fərqlənib

Polşanın Qdınya şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, bizimkilər mübarizəni 10 medalla başa vurublar. Gənclər arasında fərdi proqramda Arzu Cəlilova topla hərəkətlərdə gümüş, gürzlərlə kompozisiyada bürünc medal qazanıb. Nərminə Səmədova da lentlə çıxışına görə sıralamada 2-ci olub. Gimnastlarımız, həmçinin komanda hesabında da fərqlənərək qızıl medala layiq görülüblər.

Qrup hərəkətləri komandalarımız isə bütün mümkün finallarda uğurlu performans nümayiş etdirərək hər bir yarışda medal qazanmağa nail olublar. Belə ki, Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Milana Əkbərova, Mədinə Əsədova və Selcan Hacızadədən ibarət gənc qrup hərəkətləri komandamız tam bir dəst medala sahib olub. Gənc gimnastlarımız çoxnövçülükdə gümüş, halqa ilə kompozisiyalarına görə bürünc, lentlə çıxışlarına görə isə ən yüksək xalla qızıl medala layiq görülüblər.

Böyüklər arasında mübarizə aparan Narın Qurbanova, Güllü Ağalarzadə, Nərmin Cahangirova, Humay Əliyeva və Sona Rəhmanovadan ibarət qrup hərəkətləri komandası da çoxnövçülük, top, həmçinin halqa-gürzlərlə çıxışlarına görə bürünc medal qazanıblar.

Həmin kateqoriyadan