Qadın güləşçilərimiz Dünya Kubokunu 5-ci yerdə tamamladı

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşi üzrə Dünya Kuboku keçirilir. Allsport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları iştirak edib. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə “A” qrupunda mübarizə aparıb. “B” qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayıb.

Qrupun ilk görüşündə ABŞ komandası ilə 4:4 hesablı bərabərlik qeydə alınsa da, texniki göstəricilərə görə rəqibdən geri qalan yığmamı görüşü məğlub başa vurub. Qadın güləşçilərimiz ikinci görüşdə Polşa güləşçilərini 5:3 hesabı ilə məğlub edib. Qrupun son görüşünü güclü Yaponiya yığmasına qarşı keçirən komandamız 5:3 hesablı məğlubiyyətlə barışmalı olub. Bu görüşlərin nəticəsinə əsasən komandamız mübarizə apardığı A qrupunu 3-cü yerdə tamamlayıb. Qrup mərhələsində yığma komandamızın üzvlərindən ən yaxşı göstərici Mariya Stadnikə məxsusdur. Komandamızın kapitanı keçirdiyi hər 3 görüşü qələbə ilə başa vurub. Yuliya Ratkeviç və İrina Netreba isə, 3 görüşdən 2-sində qələbə qazanıb.

Beləliklə, qrup görüşlərinin nəticələrinə əsasən, yığma komandamız digər qrupu 3-cü yerdə tamamlamış Ukrayna güləşçiləri ilə 5-ci yer uğrunda qarşılaşıb. Ümumi hesab 4:4 tamamlansa da, texniki göstəricilərə görə rəqibindən üstün olan yığma komandamız Dünya Kubokunu 5-ci sırada tamamlayıb. Bu, qadın güləşi üzrə yığma komandamızın Dünya Kuboku yarışlarında ən yaxşı nəticədir. İndiyə qədər qadın güləşçilərimiz iki dəfə (2010 və 2012) Dünya Kubokunda mübarizə aparıb.

AZƏRBAYCAN – Ukrayna 4*:4 (16:15) (37:37)

48 kq – Mariya Stadnik – Olqa Şnayder 13:0
53 kq – Anjela Doroqan – Tatyana Lazereva 5:0
55 kq – Nataliya Sinişin – Tatyana Lavrençuk 5:3
58 kq – İrina Netreba – Tatyana Omelçenko 1:10
60 kq – Yuliya Ratkeviç – Oksana Herhel 2:3
63 kq – Raqnetta Qurbanzadə – Yuliya Tkaç Ostapçuk 0:10
69 kq – Nadya Muşka – Alla Çerkasova 5:9
75 kq – Gözəl Zutova – Katerina Burmistrova 6:2

Həmin kateqoriyadan