VİDEO
Qadın güləşçilərin Kiyev toplanışı davam edir

Qadın güləş yığmamız Ukraynada təlim-məşqi davam etdirir. Allsport.az saytı xəbər verir ki, fevralın 12-dən Kiyevdə hazırlığa start verən millimizin heyətində 9 nəfər yer alıb.

Toplanışda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi – 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (76 kq) iştirak edirlər. Toplanış fevralın 25-nə qədər davam edəcək.

“Konça-Zaspa” olimpiya mərkəzində baş tutan toplanışda 12 ölkənin komandası yer alıb. Ukrayna və Azərbaycan yığmaları ilə yanaşı, Türkiyə, Özbəkistan, Moldova, Rumıniya, Bolqarıstan, Litva, Norveç, İsveç, Macarıstan və Belarus milliləri Kiyevdə təşkil olunan birgə toplanışa qatılıb. Həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində qurulan toplanış qarşıdan gələn mühüm yarışlara, o cümlədən Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Komandamız toplanış başa çatdıqdan sonra fevralın 26-dan 28-dək Kiyevdə keçiriləcək Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turnirində qüvvəsini sınayacaq. Bu, komandamızın 2021-ci ildə qatılacağı ilk yarış olacaq.

Həmin kateqoriyadan