Qadınların ölkə çempionatının Super liqasına yeni komanda – “Qarabağ” qoşulur

Qadın və kişi voleybolçuların ölkə Super liqşasında mübarizənin başlama vaxtı bilinib. Allsport.az saytı xəbər verir ki, yeni mövsüm həyəcanı noyabrdan başlayacaq. Xanımların rəqabətinə noyabrın 6-da start veriləcək. Yarışda 4 – “Telekom”, “Azərreyl”, “Azəryol” və “Lokomotiv” komandalarının iştirakı dəqiqdir. Əgər klub sayında artım olmasa, çempionat yeni sistemlə təşkil olunacaq.

Reqlamentə əsasən, komandalar 6 dövrədə 18 tur oynayacaqlar. Əvvəlki çempionatlar kimi “Dördlər finalı” nəzərdə tutulmayıb və dairəvi sistemlə təşkil olunacaq yarışda daha çox xal toplayan çempion tituluna yiyələnəcək. Super Liqanın başa çatma tarixi isə aprelin 20-ə təsadüf edəcək.

Lakin yarışa əlavə klubun qatılacağı da istisna edilmir. Çünki hazırda yeni – gənclərdən təşkil olunan “Qarabağ” komandası yaradılıb. Klub “Azəryol”un sabiq baş məşqçisi Vüqar Əliyevin rəhbərliyi ilə hazırlıq keçir. Lakin hələlik sponsor məsələsi qaranlıq qalıb. Əgər bu çətinlik aradan qaldırılarsa, “Qarabağ” dərhal yarışa qatılacaq. Bu halda reqlament yenə dəyişəcək və 5 komanda 5 dövrədə 20 tur oynayacaq. Ardınca ilk “dördlük” yarımfinala yüksələcək.

Bu isə o deməkdir ki, Bakı təmsilçiləri ölkə çempionatından öncə avrokuboklara başlayacaq. Çempionlar Liqasında çıxış edəcək komandalarımız ilk turu, CEV kubokundakı təmsilçimiz 1/16 finalda birinci oyununu başa vuracaq. Super Liqanın 2015-2016 sezonunun püşkatamsı yaxın gunlərdə baş tutacaq.

Həmin kateqoriyadan