“Sərhədçi”də qazi və şəhid övladları üçün “Qəhrəman varisləri” adlı layihə

Bu gün “Sərhədçi” olimpiya idman mərkəzində milli olimpiya komitəsinin ”İdmançılar komissiyası” qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədi ilə ”Qəhrəman varisləri ” adlı layihə həyata keçirib.

Allsport.az saytı xəbər verir ki, MOK-un nəzdində yaradılmış komissiyasının sədri, cüdoçu Rüstəm Orucov, üzvlər – taekvondoçu Fəridə Əzizova və güləşçi Rəsul Çunayev şəhid və qazi övladlarını təmsil etdikləri idman növləri ilə tanış ediblər.

Adı ilk çəkilən kimono ustası ilk layihəsinin məhz idmana həvəsli qazi və şəhid ailələrindən olan uşaqların, gənclərin inkişafına həsr olunmasından xüsusi qürur hissi duyduğunu deyib. Sonra uşaqlar bu titullu idmançıların məşğul olduqları növlərlə tanış olublar.

MOK-un marketinq şöbəsinin rəhbəri Mehman Kərimov, bu günkü görüşdən sonra uşaqlar arasında cüdo, taekvando və güləş idman növü haqda fikir formalaşacağının və onların həvəsli olduğu idman növü ilə mütəmadi məşğul olmağa imkan yaranacağını da qeyd edib.

“Sərhədçi “ olimpiya idman mərkəzinin rəis müavini, idman bölməsinin rəisi Firdovsu Umudov, ali baş komanda İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədə payı olan hər bir şəhid və qazi övladının Azərbaycan xalqı üçün əziz olduğunu deyib.

Komissiya sədri, idmançı dostları – Hacı Əliyev (sərbəst güləş) , Cəbrayıl Həsənov (sərbəst güləş) və İlqar Müşkiyevin (cüdo)  dəstəyini də yüksək qiymətləndirdiyini qeyd edib, komissiya üzvü olmadan tədbirə qatılmalarını bu gün onların yanında olmalarını xüsusi vurğulayıb.

Həmin kateqoriyadan