Qitə çempionatının 2-qat finalçısı Romada millini dəstəkləyən azərbaycanlı tələbələrə təşəkkür etdi

Romada güləş üzrə Avropa çempionatı davam edir. Meydan artıq “sərbəstlər”ə verilib. 70 kq-da gümüş medal qazanan Ağahüseyn Mustafayev mükafatlandırmadan sonra qələbə təssuratını allsport.az saytına danışdı:

“Finaldan öncə zədəm var idi. 2-ci görüşdə ayağım və qolumdan zədələnmişdim. Böyük zədə idi, amma bunu heç kimə demədim. Mübarizəni dayandıra bilməzdim. Ötən il finalçı olmuşdum. 2-ci yerin qiymətini bilirdim. Qızıl medal qazanmaq istəyirdim, amma alınmadı.

Yəqin ki, çatışmayan nəsə var. Heç cür başa düşmürəm, 1-ci olmağı çox istəyirdim. Ağlımdan başqa nəsə keçmirdi. Finaldan sonra özümə hakim ola bilmədim. Həddən artıq aqressiv idim. Özümü hələ də danlayıram. Məğlubiyyətin səbəbkarı özüməm, yoxsa tale yazısı.

1-ci olub, himnimizi səsləndirmək istəyirdim. Cavan idmançı deyiləm ki, 2-ci yerlə razılaşım. Turnirlərdə kifayət qədər iştirak etmişəm. Bununla barışa bilmərəm. Hədəfim çempionluq idi. Belə yarışda 2-ci yerlə barışa bilməzdim. İnşallah, növbəti yarışda alınar. Səhhətimdə problemlər var idi. Soyuqdəymə də olmuşdu.

Bunlar hamısı bəhanədir. Xalçaya çıxmışdımsa, bunlar artıq kənarda qalmışdı. Nə deyə bilərəm, gələn yarışlarda bunun əvəzini çıxacağam. Fürsətdən istifadə edib, Romada bizə dəstək verən azərbaycanlı tələbələrə təşəkkürümü bildirirəm. Sağ olsun, onlar bütün yarışboyu bizə dəstək verdilər”.

Kamran Hacı, Roma

Həmin kateqoriyadan