“Qitələrarası kubok”da 2 gümüş və 1 bürünc medal

Dağıstanın Xasavyurt şəhərində keçirilmiş sərbəst güləşçilər arasında sayca 6-cı “Qitələrarası kubok” beynəlxalq turniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda iştirak edən milli komandamızın üzvləri 2 gümüş və 1 bürünc medala sahib olub.

Məşqçilər David Kurtsiya və Seyfulla Absəidovun rəhbərliyi ilə qonşu ölkədə çıxış etmiş güləşçilərimizdən Məhəmməd Müslümov (65 kq) və Aleksandr Qostiyev (86 kq) finala qədər inamla irəliləyib. Ancaq həlledici görüşdə qələbəni əldən verən təmsilçilərimiz gümüş medalla kifayətləniblər. Bürünc medalı 74 kq-da Cəbrayıl Həsənov qazandırıb.

Ağahüseyn Mustafayev (65 kq) ilə Camaləddin Məhəmmədov (125 kq) 3-cü yer uğrunda rəqabətdə uduzaraq, 5-ci olublar.
Beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Xanmirzə Məlikəliyev, Rövşən Azadov və Əbdul Nuriyev görüşlərin idarə olunmasında ölkəmizi təmsil ediblər.

Həmin kateqoriyadan