- Baxış sayı: 180
- 20 Aprel 2026 10:26
- Baxış sayı: 180
- Aprel 20, 2026
- 0

Qadın voleybolçuların yüksək liqasına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, sonda “Turan” və “DH Volley” komandaları üz-üzə gəliblər. Debütantların qarşılaşmasında “göy qurdlar” rəqibini 3:1 yenib (15:25, 25:21, 25:19, 25:23). Finaldan sonra mükafatlandırma olub.
Çıxış edən AVF-in prezidenti Şahin Bağırov yüksək liqada oynayan bütün voleybolçulara federasiya adından təşəkkürünü bildirib. Qeyd edib ki, çempionat boyu klublar əzmkar mübarizə aparıblar və maraqlı oyunlar nümayiş etdiriblər. O, hər bir komandanı, xüsusilə finalda qalib gələn “Turan”ı təbrik edib.
Sonra AVF-nin vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov çempionatda fərqlənən voleybolçulara “Ən yaxşı oyunçu” mükafatlarını təqdim ediblər. Avropa Voleybol Konfederasiyasının İdarə heyətinin üzvü, AVF prezidentinin müşaviri Cəlil Cəfərov yüksək liqa oyunlarının keçirilməsində göstərdiyi dəstəyə görə GİN-in voleybol mərkəzinə təşəkkürnamə təqdim edib.
Ardınca qaliblərə kubok və medallar verilib. Çempiona kuboku gənclər və idman naziri Fərid Qayıbov və AVF-nin prezidenti Şahin Bağırov təqdim ediblər. Medalları isə Azərbaycan voleybol federasiyasının vitse-prezidenti Faiq Qarayev, “Dəmirörən Yatırım Holdinq”in prezidenti İldırım Dəmirörən və “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov təqdim ediblər.