Bakı “Qızıl qran-pri”sində 41 ölkədən 450 bahadır iştirak edəcək

Noyabrın 27-dən 29-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. Allsport.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək və turnirdə 41 ölkədən dünyanın 450-ə yaxın ən güclü pəhləvanları mübarizə aparacaq.

Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 28-də qadın, 29-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Sərbəst güləşçilərin yarışında 21 güləşçimiz mübarizə aparacaq. Ölkəmizi Mahir Əmiraslanov, Yaşar Əliyev, Ruslan Qasımov, Pərviz İbrahimov (hamısı – 57 kq), Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Qalib Əliyev (hamısı 61 kq), Məhəmməd Müslümov, Teymur Məmmədov, Ağahüseyn Mustafayev (65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi – 70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev, Murad Süleymanov, Məhəmmədhacı Muxutov (hamısı 74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov, Aslanbəy Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov təmsil edəcəklər.

Qadın güləşçilərin mübarizəsində komandamız 13 idmançı ilə iştirak edəcək. Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan, Solmaz Həşimzadə (hər ikisi – 53 kq), Nataliya Sinişin, Alyona Kolesnik, Almaz İsmayılova (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə, Elmira Qəmbərova (63 kq), Elis Manolova, Gözəl Zutova (hər ikisi 69 kq) və Səbirə Əliyeva (75 kq) qüvvələrini sınayacaqlar.

Turnirin son günündə isə yunan-Roma güləşi üzrə 24 pəhləvanımız xalça üzərinə çıxacaq. Heyətdə Taleh Məmmədov, Elman Muxtarov, Murad Məmmədov, Eldəniz Əzizli (hamısı – 59 kq), Həsən Əliyev, Kamran Məmmədov, Azad Əliyev, Ruhin Mikayılov (66 kq), Rüstəm Əliyev, İlkin Əsgərov (hər ikisi 71 kq), Elvin Mürsəliyev, Əmrah Mazanov, Şəmistan Quluzadə (75 kq), Rafiq Hüseynov, Emin Əhmədov (hər ikisi 80 kq), İslam Abbasov, Soltan İsmayılov, Tural Daşdəmirov, Şəhriyar Məmmədov (85 kq), Saman Təhmasibi, Orxan Nuriyev, Şalva Qadabadze (hamısı 98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (130 kq) yer alacaqlar.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 27-də saat 17:00-da baş tutacaq. Sayca 8-ci dəfə keçiriləcək yarış “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.

Dünya Güləş Birliyi nümayəndələri, rəsmi qonaqlar və turnir iştirakçıları noyabrın 27-də saat 13:00-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edəcək.

Həmin kateqoriyadan