“Avropa çempionatında uğur üçün yenidən buradayam”

Allsport.az xəbər verir ki, millimizin hücumçusu Polina Rəhimova geri dönməsi ilə bağlı duyğularını şərh edib:
”3 ildən sonra yığmaya qayıtdım. Avropa çempionatında uğurlu nəticə qazanmaqda komandaya kömək etmək üçün yenidən buradayam.

Federasiyada rəhbərlik dəyişib və yeni rəhbərlik mənə etimad göstərdi, bu il yarışda çıxış etmək üçün milliyə dəvət etdi.

Mayda cərrahiyyə əməliyatı keçirmişdim, hazırda özümü yaxşı hiss edirəm. Bacardığım qədər komandaya kömək etməyə çalışacağam, yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz mümkün qədər yaxşı nəticə göstərməkdir. Avropa çempionatında oyunlarımıza bir ay vaxt qalıb. İlk qarşılaşmamız avqustun 18-də olacaq.

Hazırda Bosniya və Hersoqovinadayıq. Burada bir neçə yoldaşlıq oyunu keçirəcəyik. Sonra Bakıya qayıdacağıq və yenə hazırlıq matçlarımız olacaq.

Sonra Sloveniyanın Maribor şəhərinə gedəcəyik. Orada Avropa çempionatı öncəsi son hazırlığımızı keçib, yoldaşlıq oyunları da oynayıb, heyəti tam formalaşdırıb yarışa hazır olacağıq. Məşqçimiz bir neçə oyun variantı üzərində çalışır. Bu da bizə son taktikalarımızı müəyyənləşdirməyə kömək edəcək.

Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Yenidən milli komandaya qayıtdığım üçün fanatların bu qədər sevinməsinə görə də çox şadam. Çox adam mənə yazdı, dəstəyini bildirdi. Bu isti qarşılanmaya görə hər kəsə təşəkkürümü bildirirəm, çox sağ olun.

Hər kəsi oyunlara baxmağa dəvət edirəm, gəlin, bizə dəstək olun. Azərbaycan voleybolunu birgə inkişaf etdirək”.

Həmin kateqoriyadan