Rafiq Hüseynov “Ustadla görüş” idman layihəsində

Dekabrın 1-də Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında Karyera mərkəzinin təşkilatçılığı ilə “Ustadla görüş” idman layihəsi çərçivəsində dünya və 2-qat Avropa çempionu, Tokio olimpiya oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynovla görüş keçirilib.

Allsport.az xəbər verir ki, “İdmanın təkmübarizlik növləri” kafedrasının ixtisasçılarından ibarət tələbə və professor-müəllim heyəti iştirak edib. Yunan-Roma güləşçisi görüş zamanı öz nailiyyətlərindən, idman karyerasından və uğura gedən yoldan bəhs edib. O, tələbələrə hər zaman məqsədli olmaq və çətinliklər zamanı ruhdan düşməmələrini məsləhət görüb.

Görüşün yadda qalan məqamı isə Rafiq Hüseynovun tələbələrə güləş idman növü üzrə usta dresi keçməsi oldu. Tələbələr böyük həvəslə ustadla bir döşəyi paylaşdıblar.

“İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri Qalib Əbiyev R.Hüseynovun idman sahəsindəki uğurları haqqında danışıb, təşəkkürünü bildirib. Sonda Rafiq Hüseynova akademiya adından xüsusi hazırlanmış hədiyyə təqdim edilib, xatirə fotosu çəkdirilib.

Layihənin əsas məqsədi bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması, bu sahələrdə nailiyyət qazanmış idmançıların tanıdılması və gələcək mütəxəssislərə dəstək olmaqdır.

Həmin kateqoriyadan