Rövşən Hacıyev: “Medallarımızın sayı daha çox ola bilərdi”

İspaniyanın Pontevedra şəhərində Avropa çempionatında uğurlu çıxış edən gənc sərbəst güləş millimiz bu gün Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, 2 qızıl, 1 gümüş və 1 bürünc medalla komanda hesabında 3-cü olan bahadırları Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanması olub. Yığmanın böyük məşqçisi Rövşən Hacıyev komandanın çıxışını belə şərh edib: 

“Medallarımızın sayı daha çox ola bilərdi. Bəzi güləşçilərin səhvləri oldu. Bu səhvlər da bizim üçün dərsdir. İnşallah, bu yarışda buraxılan səhvlərin üzərində işləyəcəyik ki, dünya çempionatında təkrarlamayaq. Bir məqamı da qeyd etmək istəyərdim. Federasiyanın rəhbəri Namiq Əliyevin Pontevedrada olması yaxşı mənada öz sözünü dedi. Bildiyiniz kimi, Namiq müəllim həm də Dünya Güləş Birliyinin Büro üzvüdür.

Məhz onun orada olması hakimlərin bizə qarşı qərəzli mövqe tutmasına imkan vermədi. Federasiya rəhbərinin orada olması bizə əlavə stimul verdi. Namiq müəllimə buna görə minnətdarlığımızı bildiririk. Turan Bayramov bu ildən gənclərə keçib. Deyərdim ki, Toğrul Əsgərovun davamçısıdır. Əbubəkr Abakarov, Əshab Həmzətov və İslam Abuyevin də parlaq çıxışını qeyd etmək lazımdır. Dünya çempionatında daha yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Həmin kateqoriyadan