YENİLƏNDİ
Sənan Avropa çempionu oldu, Eldənizlə İslam bürünc medal qazandı

Romada güləş üzrə Avropa çempionatı keçirilir. Allsport.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır. 

Mübarizəyə 1/4 finaldan qoşulan Eldəniz Əzizli Ermənistan idmançısını çətinlik çəkmədən məğlub edərək adını yarımfinala yazdırıb. Yarımfinalda mübarizəni dayandıran Eldəniz bürünc medala sahib olmağı bacarıb.

Taleh Məmmədov ilk görüşdə Rusiya güləşçisiylə bacarmayıb. Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. Daha sonra İtaliya idmançısına fürsət verməyən güləşçimiz 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısıyla görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Sənan son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. O, bu mərhələdə də güclü olub. Finalda macarıstanlı Zotlan Levaiyə 3:1 hesabı ilə qalib gələn güləşçimiz ilk dəfə qitə çempionu olub.

İslam Abbasov ilk mərhələdə yanvarda Fransa “Qran-pri”sində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz belaruslu rəqibindən revanş alıb. İslam 1/8 finalda polşalı həmkarından güclü olub. Abbasov 1/4 finalda Bolqarıstan təmsilçisini “tuşe” ilə üstələyərək yarımfinala adlayıb. Yarımfinalda mübarizəni dayandıran idmançımız bürünc medalla kifayətlənib.

Sabah Şəriəti startda Ermənistan təmsilçisiylə üz-üzə gəlib. Prinsipial qarşılaşmadan yığma üzvü qalib ayrılıb. Ancaq 1/4 finalda rumıniyalı rəqibinə uduzub.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

55 kq
1/4 final: Eldəniz Əzizli – Rudik Mkrtaçyan (Ermənistan) 7:1
1/2 final: Eldəniz Əzizli – Edmond Armen Nazaryan (Bolqarıstan) 5:7
Bürünc medal görüşü: Eldəniz Əzizli – Covanni Freni (İtaliya) 9:0

63 kq
1/8 final: Taleh Məmmədov – İbrahim Labazanov (Rusiya) 0:8

77 kq
Təsnifat: Sənan Süleymanov – Aik Mnatsakanyan (Bolqarıstan) 5:3
1/8 final: Sənan Süleymanov – Matteo Maffezzoli (İtaliya) 7:0
1/4 final: Sənan Süleymanov – Georgios Prevolarakis (Yunanıstan) 6:4 (tuşe)
1/2 final: Sənan Süleymanov – Karapet Çalyan (Ermənistan) 3:0
FİNAL: Sənan Süleymanov – Zotlan Levay (Macarıstan) – 3:1

87 kq
Təsnifat: İslam Abbasov – Kiril Maskeviç (Belarus) 3:2
1/8 final: İslam Abbasov – Arkadiuş Kuliniç (Polşa) 3:1
1/4 final: İslam Abbasov – Tarek Məhəmməd Əbdülsalam (Bolqarıstan) 4:3 (tuşe)
1/2 final: İslam Abbasov – Viktor Lorints (Macarıstan) 1:6
Bürünc medal görüşü: İslam Abbasov – Eyvidas Stankeviçyus (Litva) – 6:2

130 kq
1/8 final: Sabah Şəriəti – David Ovasapyan (Ermənistan) 3:0
1/4 final: Sabah Şəriəti – Alin Aleksuk Kiurariu (Rumıniya) 2:3
Təsəlliverici görüş: Sabah Şəriəti – Zurabi Gedexauri (RUS) -:+.

Həmin kateqoriyadan