Sərbəst güləş üzrə Avropa çempionlarımız vətənə qayıdıb

Allsport.az xəbər verir ki, İspaniyada keçirilmiş U-20 Avropa çempionatında tarixi uğura imza atan sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.

İki qızıl, bir gümüş və üç bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmamız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşğuyla qarşılanıb.

İspaniyadakı çıxışı ilə bağlı Avropa çempionu Ruslan Abdullayev belə deyib:

“Yarış yaxşı keçdi. Komanda olaraq Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışdıq və bunun da bəhrəsini gördük. Yarışda görüşlərim çox çətin keçmədi. Finalda moldovalı güləşçiyə tam üstünlüklə qalib gələrək qızıl medal əldə etdim”.

Ceyhun Allahverdiyev, Avropa çempionu:
“Finala qədər görüşlərim rahat alındı. Finaldakı rəqibim erməni idi. Bu qarşılaşma çətin keçdi. Şükürlər olsun ki, ona da qalib gələrək Avropa çempionu oldum. Növbəti hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır”.

Qitə birinciliyində Ruslan Abdullayevlə (57 kq) Ceyhun Allahverdiyev (61 kq) qızıl, Yusif Dursunov (125 kq) gümüş, Cavidan Əhmədov (70 kq), Sadiq Mustafazadə (79 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.

Həmin kateqoriyadan