Sərbəst güləşçilərimiz dünya kubokuna yollanıb, heyətdə yeni legionçu var

16-17 fevralda Arazın o tayında sərbəst güləş üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, millimiz Rusiya, Gürcüstan və ABŞ komandaları ilə “A” yarımqrupunda; İran, Türkiyə, Hindistan və Monqolustan yığmaları “B” mübarizə aparacaqlar.

Baş məşqçi əvəzi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi ilə 12 bahadırımız Kirmanşah şəhərinə yollanıblar. Yarışda ölkəmizi Mahir Əmiraslanov, Georgi Edişeraşvili (hər ikisi – 57 kq), Əli Rəhimzadə (61 kq), Hacı Əliyev, Məhəmməd Müslümov (65 kq), David Suynuçxanov (70 kq), Cəbrayıl Həsənov, Murad Süleymanov (74 kq), Şərif Şərifov (86 kq), Nurməhəmməd Hacıyev, Aslanbəy Alborov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər. Təcrübəli güləşçilərimizlə yanaşı, bir neçə gənc və perspektivli idmançının da heyətə daxil edilməsi məşqçilər korpusu tərəfindən onları sınaqdan keçirmək, ehtiyat qüvvənin hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır. Qeyd edək ki, Georgi Edişeraşvili yığmamızın yeni legionçu pəhləvanlarındandır.

Yarışın proqramına əsasən, fevralın 16-da yarımqrup, 17-də final görüşləri keçiriləcək. Hakimlər briqadasında ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakim Sədi Quliyev yer alacaq. Məlumat üçün bildirək ki, ötən il keçirilən eyni yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurub. Buna qədər, millimiz 2 dəfə, 2004 və 2009-cu illərdə dünya kubokunun sahibi olub.

Həmin kateqoriyadan