Sərbəst güləşçilərimiz Kaspiyskdə Əli Əliyevin xatirə yarışına uğurla başladı

Dağıstan Respublikasının Kaspiysk şəhərində Əli Əliyevin xatirəsinə sərbəst güləş üzrə 48-ci beynəlxalq yarış başladı. Allsport.az saytı xəbər verir ki, turnir 5-qat dünya çempionunun adını daşıyan idman və gənclər sarayında keçirilir. Arena 5000 tamaşaçı tutumuna malikdir. İlk yarış günündə 57, 65, 74 və 97 kq-larda çıxış edən bahadırlar mübarizə aparır. Onların ümumi sayı 10 ölkədən 76 nəfərdir.

Millinin baş məşqçisi Firdovsi Umudov və məşqçisi Arif Abdullayevin rəhbərliyi ilə bizdən heyətdə Georgi Edişeraşvili, Mahir Əmiraslanov, Mircəlal Həsənzadə, Pərviz İbrahimov (hamısı – 57 kq), Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hər ikisi – 61 kq), Coşqun Əzimov, Məhəmməd Müslümov, Ağahüseyn Mustafayev (65 kq), Murtuz Müslümov, Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov, İsmayıl Abdullayev (74 kq), Aleksandr Qostiyev, Murad Süleymanov, Əşrəf Əliyev (86 kq), Aslanbəy Alborov, Məhəmmədhacı Xatiyev (97 kq) və Əli İsayev (125) yer alıblar. Pəhləvanlarımızın çoxu yarışa uğurlu start götürdülər, ilk 2 mərhələni adladılar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər – Asif Şirəliyev (1-ci), Elman İsmayılov və Kamran Əliyev (hər ikisi – 2-ci kateqoriya) təmsil edirlər.

Bu gün saat 17:00-da yarışın açılışı olacaq. 17:30-da final mərhələsi və mükafatlandırılmaya başlanacaq.

Kamran HACI, Kaspiysk

Həmin kateqoriyadan