Sərbəst və qadın güləşçilərimiz Ukraynada xatirə turnirində

3-4 martda Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə güləşi üzrə beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yatışda sərbəst və qadınlardan ibarət milli komandalarımız iştirak edəcəklər.

Xəbər verdiyimiz kimi, xanım pəhləvanlarımız Kiyevdə Ukrayna, ABŞ, İsrail və Litva yığmaları ilə birgə təlim-məşq toplanışındadır. Baş məşqçi Semyon Çteryov və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi ilə hazırlıqları davam etdirən yığmamızın üzvləri turnirdə sınaqdan keçiriləcək.

Sərbəst güləş üzrə millimizin baş məşqçisi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Sədrəddin Ayqubovun rəhbərliyi ilə 9 bahadırımız – Pərviz İbrahimov, Mircəlal Həsənzadə (hər ikisi – 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Teymur Məmmədov, Məhəmməd Müslümov, Gitinoməhəmməd Hacıyev (65 kq), Hacımurad Ömərov (70 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Ömər İsrailov (125 kq) mübarizə aparacaqlar.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edəcək. Proqrama əsasən, martın 3-də sərbəst güləş üzrə 57, 65, 74, 97 kq, qadın güləşi üzrə 48, 55, 60, 69 kq çəkidə idmançılar, martın 4-də isə  61, 70, 86 və 125 kq-da sərbəst, 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər yarışacaq.

Həmin kateqoriyadan