Sərbəst və yunan-Roma güləşçilərin Budapeşt sınağı

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri start götürəcək. Allsport.az saytı xəbər verir ki, sıralamanın sonuncu mərhələsində 2 milli komandamız təmsil olunacaq. İyulun 16-dək davam edəcək yarışda sərbəst güləşdə Əbubəkr Abakarovla (86 kq) Məhəmmədxan Məhəmmədov (97 kq) məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında uğur qazanmağa çalışacaq.

Komandanın digər üzvləri isə hal-hazırda Vladiqafqazda təlim-məşq toplanışı keçir. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi ilə hazırlıq iyulun 22-dək davam edəcək.

İyunun 29-dan AGF-in təlim-məşq bazasında Almaniya və İsveç yığmalarıyla birgə toplanışda iştirak edən yunan-Roma güləşçilərimiz isə sabah Budapeştə yollanacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov, İslam Abbasov (hər ikisi – 87 kq), Arif Niftullayev, Murat Lokyayev (97 kq), Sabah Şəriəti və Beka Kandelaki (130 kq) mübarizə aparacaqlar.

Güləşçilərimiz Budapeştdə baş tutacaq sonuncu reytinq turnirində iştirak etdikdən sonra bu ölkədə qalıb, bir neçə yığmayla birgə təlim-məşq toplanışı keçəcək. Komandamız vətənə iyulun 30-da qayıdacaq.

Reytinq turnirində olimpiya dərəcəli hakimlərimizdən Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaqlar.

Həmin kateqoriyadan