Sərbəst və yunan-Roma güləşi üzrə XV universiada keçirilib

14-15 noyabr 2023-cü il tarixində Azərbaycan həmkarlar ittifaqı konfederasiyasının, Azərbaycan elm və təhsil nazirliyinin dəstəyi və gənclik tələbə idman cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə ali təhsil müəssisələri arasında XV universiadanın proqramına daxil olmuş yarış keçirilib.

Allsport.az xəbər verir ki, tədbir universiadaya təşkilatı dəstək verən Azərbaycan memarlıq və inşaat universitetinin idman kompleksində baş tutub. Əvvəlcə yarışların açılış mərasimi keçirilib. Mərasim dövlət himni ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi yad edilib.

Yarışın təşkilatçıları tələbə idmançılara uğurlar arzu edib. İki gün keçən mübarizədə 100-dən çox tələbə idmançı öz qüvvəsini sınayıb. Yarışların nəticəsinə görə hər iki növdə komanda hesabında Azərbaycan memarlıq və inşaat universitetinin pəhləvanları qalib olublar. 2-ci, 3-cü yerləri isə müvafiq olaraq Azərbaycan dövlət iqtisadiyyat və Azərbaycan texniki universiteti bölüşüblər. 

Sonda yer tutmuş idmançılar təşkilat komitəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, yarış Azərbaycan güləş federasiyasının hakimlər briqadası tərəfindən idarə olunub.

Həmin kateqoriyadan