Şərif Şərifov: Qızıl medal qazanacağımıza çox inanırdıq

ABŞ-ın Los Anceles şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan milli komandamızın üzvləri Vətənə qayıdıblar. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığma komandanın məşqçiləri və idmançılar yarış haqqında təəssüratlarını bölüşüblər.

Dünya Kubokunda keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran, İran yığması ilə görüşdə ikiqat dünya çempionu Reza Yazdanini məğlub edən olimpiya çempionumuz Şərif Şərifov yarışa qızıl medal qazanmaq üçün getdiklərini deyib:

“Yarışa çox ciddi hazırlaşmışdıq. Qızıl medal qazanacağımıza çox inanırdıq. Lakin İran komandası ilə görüşdə bəzi güləşçilərimiz zədələndi və biz bürünc medalla kifayətlənməli olduq. Lakin həvəsdən düşmək lazım deyil. Çünki bizi qarşıda daha ciddi sınaqlar gözləyir. Bakıda keçiriləcək Avropa Oyunlarında və dünya çempionatında tək hədəfimiz qızıl medallar olacaq. Azarkeşlərimiz bizi dəstəkləməkdə davam etsinlər”.

Məlumat üçün bildirək ki, sərbəst güləş üzrə Dünya Kuboku yarışları 1973-cü ildən keçirilir. Azərbaycan sərbəst güləşçiləri 2 dəfə (2004 və 2009) Dünya Kubokunun sahibi olub. 2012-ci ildə ikinci, 2010, 2011 və 2015-ci illərdə isə 3-cü yerdə qərarlaşıb.

Həmin kateqoriyadan