Şaban Donat: dünya çempionatına tam hazır vəziyyətdə yollanacağıq

Yunan-Roma üzrə millimiz oktyabrın 2-dən Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışına başlayıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi ilə hazırlığa gənclərdən ibarət yığmanın aparıcı üzvləri də qoşulublar. Sevindirici məqam Avropa çempionatından sonra zədəsinin müalicəsi ilə məşğul olan dünya çempionu Rəsul Çunayevin də komandanın məşqlərində iştirak etməsidir.

Şaban Donat hazırlıqla bağlı AGF-nin rəsmi saytına açıqlama verib: “Sentyabrda Minskdə keçirilən beynəlxalq turnirdə komandamızın gücünü gördük. Murad Məmmədov (60 kq) və Taleh Məmmədov (63 kq) yaxşı güləşdi. Müəyyən çatışmazlıqları da müşahidə etdik. Bizim üçün bu yarış səmərəli oldu. Bu toplanışı da uğurla başa vurub, dünya çempionatına tam hazır vəziyyətdə yollanacağıq. Fiziki yükləmələr olmayacaq. Çünki iki dəfə Göygöldə baş tutan toplanışda daha çox fiziki hazırlığa üstünlük vermişdik. Bu səbəbdən son toplanışda əsasən taktiki-texniki hazırlıq üzərində işləyəcəyik.

Bildiyiniz kimi, mən daha öncə gənclərdən ibarət yığmanı çalışdırırdım. Millidəki güləşçilərin bir neçəsi həmin komandada rəhbərliyim altında çıxış etdiyindən onların potensialına yaxşı bələdəm. Gənclərlə işləməyə davam edirik. Əsas yığmaya vaxtaşırı perspektiv vəd edən gənc güləşçiləri cəlb edirik.

Rəsul Çunayev də məşqlərdə iştirak edir. Dünya çempionatına kimi onu hazır vəziyyətə gətirəcəyik. Zədəli güləşçimizin olmaması sevindirici haldır. Azərbaycanın güləşdə böyük hədəfləri var. Əsas məqsədimiz Tokio olimpiadasında qızıl medal qazanmağa namizəd güləşçiləri yetişdirməkdir. Bu istiqamətdə bizim üçün hər bir şəraiti yaradan federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, dünya çempionatı oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Həmin kateqoriyadan