Şaban Donat: Hakimlərin bəzi qərarları mübahisəli oldu

Macarıstanın paytaxtı Budapeştdə dünya çempionatı sona çatıb. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşi üzrə millinin qazancı 1 qızıl və 1 bürünc medal oldu. Baş məşqçi Şaban Donat komandanın çıxışı ilə bağlı awf-az-a açıqlama verib:

“Şadam ki, 55 kq-da Azərbaycanın himnini səsləndirdik. Eldəniz Əzizli öz sözünü söyləyərək qızıl medal qazandı. Bilirdik ki, bizim üçün hər şey çətin olacaq. Bəzi çəkilərdə dəyişikliklər etməli olduğumuzu gördük. Çox güclü dünya çempionatı keçdi. Güləşçilərimiz çətin səbətə düşdü. Ən əsas gələn il Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatına yaxşı hazırlaşıb, Olimpiadaya vəsiqə qazanmaqdır.

Hakimlərin bəzi qərarları mübahisəli oldu. Buna baxmayaraq, daha güclü olmalıyıq. Bu, güləşdir. Məncə, daha iki medal qazana bilərdik. Elvin Mürsəliyev və Kamran Məmmədovun təsəlliverici görüşlərində hakim səhvləri oldu. Komandamız daha da yaxşı olacaq. Heyətdəki gənclərin uyğunlaşma prosesini geridə qoyması zaman tələb edir. Qızıl medal qazanmaq istəyiriksə, hakimi də, rəqibi də udmalıyıq.

Gələn il çoxlu yarış olacaq. Ancaq ən əsas turnir Astanadakı dünya çempionatıdır. Oraya ən yaxşı heyətlə, ən güclü güləşçilərlə gedib, uğur qazanmaq istəyirik”.

Həmin kateqoriyadan