Şaban Donatın komandasını Vətəndə təntənəli qarşılayıblar

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qənaətbəxş çıxış edən yunan-Roma güləşi üzrə milli Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, komanda hesabında 4-cü yeri yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qarşılayıblar. Öncə baş məşqçisi Şaban Donat danışıb: “Yarış yaxşı keçdi. Eldəniz Əzizli və Rəsul Çunayev öz sözünü dedi. Altmışa yaxın ölkə arasında 4-cü yeri tutduq. Özümüzü gələn il keçiriləcək lisenziya xarakterli dünya çempionatına hazırlayırıq. Önümüzə baxacağıq. Daha çox işləyəcəyik. Səhvlərimizi nəzərdən keçirib, qarşıdakı analoji yarışda daha çox medal qazanmağa çalışacağıq”.

Dünya çempionu Eldəniz Əzizli (55 kq) də təəssüratlarını bölüşüb: “Avropa çempionu olandan sonra hədəfim dünya çempionatında eyni uğura imza atmaq idi. Çox sevinirəm ki, dünya çempionu da oldum. Finaldakı rəqibim gənc idi. Ən çətin görüşüm Avropa çempionatında məğlub etdiyim gürcü güləşçi ilə oldu. Onlar məni bu dəfə daha yaxşı analiz etmişdilər. Ona görə də bu görüş çətin keçdi. Buna baxmayaraq, qələbə qazana bildim. Bütün komanda olaraq gələn il keçiriləcək lisenziya xarakterli dünya çempionatına hazırlaşacağıq. Növbəti hədəf olimpiya çempionu olmaqdır. Növbəti yarışlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq”.

Bürünc medal qazanan Rəsul Çunayev (72 kq) bildirib ki, bütün dünyada güləş inkişafdadır. Bu səbəbdən ildən-ilə bizim üçün çətin olur. Çünki bizə qarşı xüsusi hazırlaşırlar. Avropa çempionatından sonra 4 ay müalicə oldum. Şaban Donata və federasiyanın baş katibi Orxan Məmmədova minnətdarlığımı bildirirəm ki, mənim üçün Türkiyəyə sparrinq-rəqib göndərdilər. Dünya çempionatında hədəfim qızıl medal idi. Ancaq buna dözümlülük çatmadı. Buna baxmayaraq, iki dəfə uduzduğum iranlı rəqibimə qalib gəldim. Üçüncü yer uğrunda görüşdə isə Rusiya təmsilçisini məğlub etdim. Əsas odur ki, dünya çempionatından əliboş dönmədim. Bu medallar bacı-qardaş kimidir. Bərpa kursunu davam etdirəcəyəm. Olimpiadaya lisenziya qazanmaq üçün ciddi cəhdlə hazırlaşacağam.

Həmin kateqoriyadan