- Baxış sayı: 31
- 27 Aprel 2025 10:26
- Baxış sayı: 27
- Aprel 27, 2025
- 0
Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB oyunlarında mübarizə aparacaq qızlardan və oğlanlardan ibarət yığma komandalarla görüşüb.
Allsport.az xəbər verir ki, görüşdə AVF rəsmiləri, komandaların oyunçuları, məşqçilər heyəti və digər əməkdaşlar iştirak ediblər.
Çıxış edən Ş.Bağırov ilk olaraq qızlardan ibarət yığmanın oyunçularını beynəlxalq qadınlar günü münasibətilə təbrik edib. Bildirib ki, ölkə idmanı tarixində qadın idmançıların əvəzsiz xidmətləri var. Qeyd edib ki, Azərbaycan voleybolunun Avropa və dünya miqyasında əldə etdiyi nailiyyətlərin əksəriyyəti də məhz qadın voleybolçularının adı ilə bağlıdır. AVF rəhbəri, həmçinin qadınlardan ibarət əsas millinin voleybolçularını, ölkə çempionatında çıxış edən yerli və xarici qadın oyunçuları, veteran voleybolçuları və federasiyanın xanım əməkdaşlarını 8 mart münasibətilə təbrik edib.
Sonra Azərbaycanda keçiriləcək III MDB oyunlarından danışan Ş.Bağırov belə mötəbər yarışda voleybolun da yer almasını bu idman növünün populyarlığının, ona marağın yüksək olmasının göstəricisi kimi dəyərləndirib. Ölkədə voleybolun böyük ənənələrinin olduğunu deyən federasiya rəhbəri hər iki komandamızın yarışda uğurlu çıxış edəcəyinə inamını ifadə edib.
Daha sonra komandaların hazırlıq prosesi ilə tanış olan Ş.Bağırov hər iki komandada çıxış edən idmançıların valideynləri ilə də görüşüb. Federasiya prezidenti valideynlərə övladlarına dəstək olduqlarına görə təşəkkürünü bildirib və komandalara uğurlar arzulayıb.
III MDB oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində, eləcə də Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə 23 idman növü üzrə keçiriləcək. Voleybol oyunları Gəncədə təşkil olunacaq.