“Şirürəkli”nin qələbə şərhi: Bu medalı uğuruma sevinən insanlara həsr edirəm

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında yunan-Roma güləşində 72 kq-da bürünc medal qazanan Rəsul Çunayev açıqlama verdi. Allsport.az saytı xəbər verir ki, “şirürəkli” baş mükafata sahib çıxmamasını zədəyə görə müalicə aldığı və son 2 həftədə yığmaya qoşulması ilə əlaqələndirdi:

“Eldəniz medal qazanacağımı demişdi. Onunla 10 ildir ailəvi dostuq. Bu dostluğumuz məşqlərdə başlayıb. 8 il əvvəl məhz burada Eldəniz gənclər arasında dünya çempionu olmuşdu, mən də bürünc medal qazanmışdım. Həmişə elə olur ki, ilk medalı o qazanır, davamını mən gətirirəm.

Avropa çempionatından sonra 4 ay müalicə kursu keçdim. Şəxsi həkimlərim Cahangir Müslimzadə və İbrahim Əliyevə təşəkkürümü bildirirəm ki, onlar məni idmana qaytardılar. Son iki həftədə yığma ilə birgə məşq etmişəm. 2014-cü ildə də Avropada 2-ci, dünyada 3-cü olmuşdum. Baş məşqçimiz Şaban Donata təşəkkür edirəm.

Mən Türkiyədə müalicə kursu keçəndə sparrinq-rəqib göndərdi. Şəxsi məşqçim Fuad Rəhmani də mənimləydi. Medal qazanmağımda payı olan hər kəsə minnətdaram. Əsas gələn il Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatıdır. Orada 67 kq-da güləşməyi planlaşdırıram. Çətinlik olmasa, nailiyyətdən də olmaz. Bu medalı mənə sevinən insanlara həsr edirəm”.

Kamran HACI, Budapeşt

Həmin kateqoriyadan