“Şöhrət”li Radik İsayev Azərbaycana növbəti şöhrət gətirdi

Planetin ən mötəbər idman bayramı – 31-ci Yay Olimpiya Oyunları başa çatdı. Hər gün milyonlarla tamaşaçının nəbzi Braziliyada idmançılarımızla birgə vurdu. Sevindirici haldır ki, atletlərimiz onlara olan etimadı doğrultmaqda davam etdilər. Həyacan, qalibiyyət və sevinc göz yaşları ilə dolu olan turnir idmançılarımız üçün də əlamətdar olub. Azərbaycan iştirak etdiyi son 5 Olimpiadada hesabına əlavə etdiyi medal sayında yenilənmə edərək 18 mükafatla (1 qızıl, 7 gümüş, 10 bürünc medal) öz rekordunu təzələyib.

Düzdür, qazanılan qızılın sayı bir oldu. Amma fəxri kürsünün ən yüksək pilləsində yer almaq üçün idmançılarımızın böyük əzmkarlıqla mübarizə apardığının şahidi olduq. Sevindiricidir ki, buna kimi iştirak etdiyimiz olimpiadalarda qazanılan medallar 5 idman növündə qeydə alınmışdısa, bu dəfə bu say 7-yə yüksəldi. Bunlar güləş, atıcılıq, cüdo, boks, ağırlıqqaldırma, avarçəkmə (kayak və kanoe) və taekvondodur.
Taekvondoçularımızın Riodakı çıxışını xüsusilə vurğulamaq lazımdır. Onlar Azərbaycan olimpiya tarixində ilk dəfə 3 medal qazanmaqla xalqımızı sevindirdilər. Ən böyük sevinc isə bu idman növündə ölkəmizin hesabına yazılmış ilk qızıl medalı Radik İsayevin qazanması idi.

Təmsilçimiz gündəlik ənənəvi suallardan birinə çevrilən “Görəsən, bu gün qızıl olacaqmı” – sualına böyük fəxarətlə və şücaətlə cavab verməyi bacardı. Düzdür, həmin anı çox gözlədik, intizarla dolu günlər yaşadıq. Heç inana da bilmirdik ki, “dördillik” bizim üçün bu məcrada davam edəcək. İnana bilmirdik ki, qızıl medalsız Vətənə ayıdacağıq. Təsmilçilərimiz budəfəki olimpiya oyunlarına rekord sayda – 57 lisenziya qazanmışdılar. Ona görə haqlı olaraq olimpiyaçılarımızdan qızıl da daxil olmaqla daha çox medal gözləyirdik.

Nəhayət, intizarımızın sonu gəldi, ümidlərimiz gerçəkləşdi. Həm də oyunların başa çatmasına bir gün qalmış. Avqustun 20-si Olimpiya tariximizə qızıl hərflərlə yazıldı. Həmin günün qəhramanı isə Radik İsayev idi. 80 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionumuz debüt etdiyi Olimpiadada yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb – 11:2.
Təmsilçimiz 1/4 finalda Dongmin Ça (Koreya) ilə qarşılaşıb. Pekin olimpiadasının qalibi ilə döyüş olduqca gərgin keçib. Qarşılaşma boyunca hesabda geri olan Radik sona bir neçə saniyə qalmış fəallaşaraq vəziyyəti xeyirinə dəyişə bilib. Rəqibin başına endirdiyi effektli zərbə ilə aradakı fərqi artıran idmançımız yekunda 12:8 hesabı ilə qalib gəlib.

Finala gedən yolda həmyerlimiz Böyük Britaniya təmsilçisi Mahama Ço ilə qarşılaşıb. Ənənəvi taktikasına uyğun olaraq, təmkinlə döyüşən idmançımız nəticəni son raundda həll edib. O, 0:1 geri düşdüyü görüşü 4:1 hesablı qələbə ilə başa vurub finala adlayıb. Bu, Azərbaycan Olimpiya tarixində növbəti ilk kimi tarixə düşüb. Belə ki, boks yarışlarından sonra taekvondoda da təmsilçimiz ilk dəfə finala yüksəlib.
Nəhayət, həyəcanlı məqam gəlib çatdı. Radik dayanq üstündədir. Döyüş başladı. İlk hissədə hesab açılmadı. İkinci hissədə rəqibin başına bir zərbə endirən təmsilçimiz 3:0 hesabı ilə önə keçdi. Raund bu hesabla başa çatdı. Həlledici, sonuncu raundda daha bir dəqiq zərbə ilə fərqi 6:0 edən Radik qələbəsinə şübhə yeri qoymayıb. Nigerli idmançının cəhdləri isə sadəcə, 2 xal qazanmağa çatdı – 6:2.

Bu isə möhtəşəm qələbə, qızıl medal deməkdir! Rioda Azərbaycanın ilk qızıl medalı! Bayrağımız qaldırılır, himnimiz səslənir. Zalı “Azərbaycan”, “Radik”, “Riodakı qürurumuz” və s. şüarları bürüyür.
Radik İsayev üçün günün ən xoş xəbəri isə prezident İlham Əliyevin ona zəng edərək bu inamlı qələbəsi münasibətilə təbrik etməsi oldu. Dövlət başçısı qeyd etdi ki, Radik İsayev əvvəllər də sübut edib ki, o, taekvondo üzrə öz çəki dərəcəsində dünyada ən güclü idmançıdır. O həm dünya çempionatında qələbə qazanıb, indi də olimpiya çempionu adına layiq görülüb.
Görüşdən sonra mətbuata verdiyi açıqlamasında əsas məqsədinin mükafatçılar sırasında yer almağı olduğunu bildirən olimpiya çempionumuz qələbəsini anasına həsr etdiyini vurğulayıb: “Hələ olimpiya çempionluğunun nə demək olduğunu başa düşməmişəm. Hazırda ancaq ayağımda ağrılar hiss edirəm. Hər döyüşə çıxanda bacardığımın ən yaxşısını etmək üçün çalışıram. Rəqiblərimin hamısını tanıyırdım. “Dördillik”dən medalsız qayıtmamağı düşünürdüm. Məqsədim mükafatçılar sırasına düşmək idi. Amma finala çıxdım, qızıl medal qazandım. Finaldakı rəqibimi baş məşqçinin tapşırıqlarını yerinə yetirməklə məğlub etdim. Döyüş vaxtı yalnız məşqçimin dediklərini edirdim. Qələbəmi isə ilk azarkeşlərimə – valideynlərimə, anama həsr edirəm”.

Məlumat üçün qeyd edək ki, Radik İsayev 1989-cu il 26 sentyabr tarixində Dağıstanın Axıl kəndində anadan olub. Uşaqlıq illərində daha çox futbol, müxtəlif döyüş növləri ilə məşğul olan məktəbli İsayev sonradan taekvondonu seçir. İştirak etdiyi ilk Dağıstan çempionatında bürünc medal qazanan gənc taekvondoçu karyerasına çox yaxşı başlayır.
Müəyyən müddət keçdikdən sonra Radik idmandan uzaqlaşmalı olur. Buna səbəb isə anasının ağır xəstəlik keçirərək xəstəxanaya düşməsi idi. Ailənin maddi durumu yaxşı olmadığından həm tibbi, həm də digər xərclərin çoxluğu onu məşqləri dayandırıb zavoda işə düzəlməyə vadar edir. Müəyyən səbəblərə görə həmin zavod bir müddətdən sonra bağlanır. Radik İsayev idmana qayıdıb gücünü sınamaq qərarına gəlir. Bu addımının düzgün olduğunu hazırkı nəticəsi də göstərir.

O, 2013-cü ildə dünya çempionatında bürünc mükafata sahib olduqdan bir il sonra Bakıda qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 2015-ci ildə Çelyabinskdə (Rusiya) təşkil olunan dünya çempionatında qızıl medala layiq görülüb. Paytaxtımızda təşkil olunan I Avropa Oyunlarında öz çəkisində hamıdan güclü olub. Bakı-2015-də qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib.
XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın yeganə qızıl medalının sahibini ürəkdən alqışlayırıq!
İnanırıq ki, Rioadan başlayan Olimpiya çempionluğu estafetini 4 il sonra Tokioda da təkrarlayacaq.

Elçin CƏFƏROV
“Azərbaycan”

Həmin kateqoriyadan