“Son illər müəyyən səbəblərdən istədiyimiz kimi nəticə göstərə bilmirik”

Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyan birgə Avropa çempionatına ev sahibi olacaqlar. Allsport.az saytı xəbər verir ki, millimizin blokçusu Ayşən Abduləzimova yarışa hazırlıqla bağlı bunu deyib: “Avropa çempionatına hazırlığımızın bir mərhələsini Bosniya və Herseqovinada keçdik. Oradakı təlim-məşq toplanışı çərçivəsində üç yoxlama matçı oynadıq. Bu qarşılaşmalarda müxtəlif taktikalar üzərində çalışdıq. Düşünürəm bunlar qarşıdakı oyunlarda uğurlu nəticə göstərməyimizə kömək olacaq.

Artıq Azərbaycana qayıtmışıq. Bir neçə gün topla məşqlərə ara verdik, fiziki məşqlər etdik. Sabah isə yenidən tam qaydada hazırlıqlara start verəcəyik. Bakıda da bir neçə yoldaşlıq oyunu nəzərdə tutulur. Bütün bunlar bizə öz oyunumuzu tapmağa, tam formalaşmağa kömək olacaq.

Bu il millimizə yeni baş məşqçi təyin olunub. O da hazırlıqları fərqli sistemdə keçir, yeni taktikalara uyğun məşq edirik. İlk məqsədimiz qrupdan çıxmaq və bundan sonra mümkün qədər irəliləməkdir. Polina Rəhimova da bu il komandaya qoşuldu. Əlbəttə ki, bu da bizə əlavə güc verəcək.

Son illər müəyyən səbəblərdən istədiyimiz kimi nəticə göstərə bilmirik. İnanıram ki, Avropa çempionatında daha yaxşı çıxış edib, uğurlu nəticə qazanarıq, reytinq xallarımızı da yüksəldərik. Bu da voleybolumuzun inkişaf etməsinə və əvvəlki səviyyəsinə çatmasına bir töhfə olar”.

Həmin kateqoriyadan