“Sport Time” dərgisinin təqdimatı olub

“Sport Time” jurnalının təqdimat mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən MOK-un baş katibi Ağacan Abıyev, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyib, bu sahədə inkişafdan danışıb. O, jurnalın fəaliyyətinin Azərbaycanda idman siyasətinə, idmanın inkişafına dəstək olduğunu bildirib, “Sport Time” nəşrinin kollektivinə uğurlar arzulayıb.

Jurnalın baş redaktoru Jalə Rzabəyli “Sport Time” barədə məlumat verib. Qeyd edib ki, jurnalın sonuncu buraxılışı 2016-cı ilin idman yekunlarına həsr olunub. Bu nömrədə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin 2016-cı ilin idman yekunlarına dair çıxışında söylədiyi fikirlər barədə məqalə yerləşdirilib. Jurnalda, həmçinin Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun gənclər siyasətinə dair fikirləri, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin keçirdiyi görüş və idman ictimaiyyətinin tanınmış simaları barədə maraqlı məqalələr verilib.

Bundan başqa, gimnastika, taekvondo, ağırlıqqaldırma, atıcılıq, cüdo, kikboksinq və qol güləşi federasiyalarının 2016-cı ildə qazandıqları nailiyyətlər də geniş işıqlandırılıb. “Sport Time” jurnalında Qəbələdə idmana göstərilən diqqət və qayğıdan, veteran futbolçu İsgəndər Cavadovdan, paralimpiya çempionu Ramin İbrahimovun uğurlu fəaliyyətindən də bəhs olunub. Dərgidə “ASAN Radio”nun idmanla bağlı layihələri, tanınmış modelyer Gülnarə Xəlilovanın birinci Avropa Oyunlarına həsr etdiyi milli geyim kolleksiyası oxuculara təqdim olunub.

Diqqətə çatdırılıb ki, nəşrdə balaca idmançıların əldə etdikləri böyük qələbələrə də geniş yer verilib. Burada çempion tennisçi Kənan Pənahov, 10 yaşlı dünya çempionu Ayxan Haşımov, kikboksinq üzrə Azərbaycan çempionu Nihat Hüseynov kimi məktəbli uşaqlar barədə də maraqlı yazılar yerləşdirilib. Tanınmış incəsənət nümayəndələrinin də yer aldığı jurnalda Xalq Artisti Ağadadaş Ağayevdən və tanınmış estrada ulduzu Emin Ağalarovdan da bəhs olunub.

AzərTAc xəbər verir ki, MOK-un vitse-prezidenti Xəzər İsayev də çıxışında “Sport Time” jurnalının uğurla fəaliyyət göstərdiyini, ölkəmizin idman yeniliklərini, aktual mövzuları ətraflı işıqlandırdığını diqqətə çatdırıb. O, dərginin uğurlu fəaliyyətinin davamlı olmasını arzulayıb. Sonra “Sport Time” jurnalına aid videoçarx nümayiş olunub.

Həmin kateqoriyadan