Tanınmış güləş mütəxəssisi Xosrov Cəfərovun doğum günündən 71 il ötür

Bu gün Azərbaycanın tanınmış pəhləvanı, yeniyetmə sərbəst güləşçilərdən ibarət millinin baş məşqçisi (1974-2007-ci illər), SSRİ idman ustası, Fəxri bədən tərbiyəsi və idman işçisi Xosrov Cəfərovun doğum günüdür. O, 1947-ci ildə oktyabr 31-də Bakının Maştağa kəndində dünyaya gəlib. 15 yaşında Ordu İdman Klubunda güləşlə məşğul olmağa başlayıb. Müxtəlif yaş qrupları üzrə respublika çempionatının qalibi və mükafatçısı olub. Eyni zamanda, yeniyetmələr arasında SSRİ medalçısı, gənclərin SSRİ çempionu adını qazanıb.

1968-ci ildə orta çəkidə Azərbaycan çempionu olub və 6 il bu titulu özündə saxlayıb. Hündürboylu olduğundan, məşqçilər gənc Xosrovu xüsusi nəzarətdə saxlayıblar. Böyüklərdə qalib olan mövsümdə yığmanın heyətində SSRİ Silahlı Qüvvələrinin yarışında baş mükafata sahib çıxıb. İttifaq xaricindəki turnirlərdə də fərqlənən Cəfərov 22 yaşında məşqçilik fəaliyyətinə keçib. 1969-1987-ci illərdə İxtisaslaşmış Güləş Məktəbində müəllim işləyib və istedadlı idmançılar yetişdirib. Bir il sonra “Dinamo” idman cəmiyyətində sərbəst güləş üzrə baş məşqçi təyin olunub. Yaxşı çalışdığına görə, 1974-cü ildə yeniyetmə sərbəst güləş millisi ona tapşırılıb. Maraqlıdır ki, ömrünün sonuna qədər həmin baş məşqçi vəzifəsində çalışıb. Xosrov müəllimin rəhbərliyi ilə yığmamız 1996-cı ildə Tehranda keçirilmiş dünya birinciliyində komanda hesabında 3-cü yeri tutub. Bu, yeni müstəqil addımlarını atan Azərbaycan üçün o dövrdə yüksək nəticə idi. Həmin uğurla kifayətlənməyən mütəxəssis 1998-ci ildə nəticəsi bir az da yaxşılaşıb. İngiltərənin Mançester şəhərində 2-ci yeri tutan milli, eyni nailiyyəti 1 il sonra Polşanın Lodz şəhərində təkrarlayıb.

Əməkdar məşqçisi ilə tanışlığım 2002-ci ildə Bakıda keçirilən sərbəst güləş üzrə Avropa çempionatında təsadüf edib. Güləş federasiyasının o vaxtkı 1-ci vitse-prezidenti Cavanşir Qurbanovla və ekstraklass beynəlxalq dərəcəli hakim Oqtay Hüseynovla yaxın dost idilər. Ucaboylu, bahadır cüssəsi ilə daha çox «klassik» güləşçiyə bənzəyirdi. Komanda üzvlərinə ata kimi idi. Bir gün millinin hazırlığına baxmağa getmişdim. Gördüm ki, Xosrov müəllim də ordadır, təlim-məşqdən sonra idmançılarla elastikliliyi və cəldliyi saxlamaq üçün basketbol oynayır. Açığı, fiziki cəhətdən onlardan heç də geri qalmırdı. İdmanda çox hörməti vardı. Sözünün qabağında hər kəs dayana bilmirdi. Amma tez hirslənəndi. Əsəbləşdi, qurtardı, aləm dəyəcəkdi bir-birinə. Günlərin bir günü eşitdim ki, Xosrov müəllimin durumu yaxşı deyil, əməliyat olunub. Bir müddət keçdi, dedilər yaxşılaşıb. Onunla təsadüfən mərkəzdə, marşrut-qazeldə rastlaşdıq. Arıqlamışdı. Ordan-burdan söhbət etdik. Yanında bir nəfər də vardı. Zivərbəy Əhmədbəyov küçəsində düşəndə, yol pulumu verdi. Sonra daha görmədim. 2007-ci ilin yanvarın 8-i idi. Bakı idman sarayında güləş üzrə ölkə çempionatı keçirilirdi. Yarışı işıqlandırmağa getmişdim. Elan olundu ki, böyük ustad rəhmətə gedib. Onun xatirəsinə sevdiyi «Cəngi»nin sədaları ilə parad təşkil olundu. Öndə oğlu Əjdər dayanmışdı. Əlində rəhmətliyin portreti vardı. Mütəxəssis ölümündən sonra milli olimpiya komitəsinin mükafatına layiq görüldü. Hüzr məclisi Nizami metrosunun önündə böyük mağarda verildi. Orda kimlər yox idi! Rəhmətlik hamı tərəfindən çox sevilirdi.
Tələbələri dünya kubokunun sahibi Elşad Allahverdiyev və Vüqar Qurbanov, yeniyetmələrin dünya birinciliyinin 2-qat qalibi Namiq Sevdimov, SSRİ birinciliklərinin mükafatçısı Ehtiram Babayev, Rəsul Əmirov, İsa Səgərov, Həmid Rəsulov, Firudin Ağasıyev, Əfqan və Bəhruz Məmmədov qardaşları, beynəlxalq yarışların medalçısı Anar İsmayılov, Müslüm Müslümov və başqaları ölkəmizin adını böyük arenalarda yüksəldiblər.

Xosrov müəlimin yolunu oğlu Əjdər Cəfərov uğurla davam etdirib. O, 2011-2016-cı illərdə güləş federasiyasının baş katibi vəzifəsində çalışıb. Əməkdar məşqçi, “Tərəqqi” medalı və  “Azərbaycan pespublikasının prezidentin fəxri diplomu”na layiq görülüb. Buna qədər, AGF-in hakimlər kollegiyasının sədri olduğu dövrdə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edərək, Sinqapur-2010 yeniyetmələrin və London-2012 yay olimpiya oyunlarında hakimlik edib. Dünya Güləş Birliyi tərəfindən Bakı-2015 ilk Avropa oyunlarında yarışların əlaqələndiricisi olub. Hazırda Təhsil Nazirliyinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində direktorudur. Qeyd edim ki, AGF-in 1 saylı nümayəndəliyinin Xosrov Cəfərov adına güləş klubu ödənişsiz fəaliyyət göstərir.

Kamran HACI

Həmin kateqoriyadan