Toğrul Əsgərov AGF-dən qaçır, telefon zənglərinə cavab vermir

Olimpiya çempionu Güləş federasiyasından niyə gizlənir?

Bu yaxınlarda Fransada keçirilən qran-pri turniri olimpiya çempionu Toğrul Əsgərovun (70 kq) başına iş açıb. Allsport.az saytı xəbər verir ki, yarışa uğursuz başlayan sərbəst güləşçimiz, sonradan təsəlliverici görüşə çıxmaqdan imtina edib. O, ayağındakı ağrını səbəb göstərib. Bu mərhələdə onun rəqibi isə, komanda yoldaşı Ruslan Dibirhacıyev olub. Sonradan həkim müayinəsi zamanı məlum olub ki, titullu pəhləvanmızın heç bir zədəsi yoxdur.

Toğrulun bu hərəkəti AGF-i qəzəbləndirib. Güləş  federasiyanın rəhbərliyinin onunla görüşüb söhbət etmək, ayağının rentgen çəkilişininin çıxarılışı üçün həkimə aparmaq cəhdləri boşa çıxıb. Əldə etdiyimiz bilgiyə görə, Əsgərov iradları həzm etməyərək, idman ictimaiyyətindən gizlənməyə qərar verib. O, telefon zənglərinə cavab vermir və harada olduğu barədə AGF-də məlumat yoxdur. Çox güman, Togrul aşkara çıxandan sonra ciddi cəzalandırılacaq.

Nəzərinizə çatdıraq ki, London Olimpiadasından sonra idmançımız səhhətini düzəltmək və köhnə zədələrini sağaltmaq üçün xeyli müddət müalicə almışdı. Son dəfə o, Təqvim bayramı ərəfəsində İstanbulda «Acıbadəm» xəstəxanasında şəfa tapıb.

Həmin kateqoriyadan