“Tour d’Azerbaidjan-2015”in marşrutunda dəyişiklik

Beynəlxalq Velosipedçilər İttifaqının 2015-ci il üçün təqvim-planına əsasən, 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” 5 günlük veloyürüşü may ayının 6-da start götürüb, mayın 10-da – ümummilli lideri Heydər Əliyevin doğum günündə yekunlaşacaq. Allsport.az saytı xəbər verir ki, marşrutda bəzi dəyişikliklərin edilməsi də nəzərdə tutulur.

Bu dəfə rəqabətin veloyürüşün 4-cü mərhələsinin Qəbələ-Ağdaş-Yevlax-Mingəçevir marşrutu ilə keçirilməsi barədə müzakirələr aparılır. Səbəb, gələn il Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa Oyunları ilə bağlıdır. Bakı-2015-in avarçəkmə üzrə yarışlarının məhz Mingəçevirdə keçiriləcəyini nəzərə alan AVİF, bununla da təxminən bir ay əvvəl dünya idman ictimaiyyətinin diqqətini ölkəmizin bu bölgəsinə çəkmək niyyətindədir.

“Tour d’Azerbaidjan-2015”in sonuncu, 5-ci mərhələsi isə Avropa Oyunlarının şosse üzrə velosiped yarışları üçün sınaq xarakteri daşıyacaq. Məlum olduğu kimi, cari ilin oktyabr ayının 18-də ölkəmizdə yeni istifadəyə verilmiş dağ velosipedi parkında Avropa-2015-in dağ velosiped idmanı (Mountain bike) üzrə ilk sınaq yarışı uğurla keçirilib. Avropa Oyunlarının BMX üzrə sınaq yarışının gələn ilin mart ayında, Veloparkda inşası başa çatmaq üzrə olan BMX stadionunda, şosse üzrə sınaq yarışının isə may ayının 10-da Bakıda keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu ilin mayında keçirilən “Tour d’Azerbaidjan-2014” veloyürüşü başa çatdıqdan sonra Avropa Velosipedçilər İttifaqının prezidenti David Lappartien Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədova ünvanladığı təşəkkür məktubunda paytaxt Bakının tarixilik, müasirlik və gözəlliyini özündə əks etdirən sonuncu mərhələsini xüsusi olaraq vurğulamış və bu marşrutun Bakı-2015 ilk Avropa Oyunları üçün ideal variant olduğunu bildirmişdi.

Həmin kateqoriyadan