- Baxış sayı: 80
- 20 Oktyabr 2026 11:58
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

Özbəkistanın idman naziri Ədhəm İkramov və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov respublika velotrekində olublar.
Allsport.az xəbər verir ki, Azərbaycan velosiped idmanı federasiyasının prezidenti Zaur Axundov və birinci vitse-prezidenti Sahib Ələkbərov qonaqlara ölkəmizdə velosiped idmanının inkişafı istiqamətində görülən işlər və idmançıların hazırlanması üçün yaradılmış şərait barədə məlumat veriblər.
Nazirlər velotrekdə idmançıların məşq imkanları, Velosiped Muzeyi, eləcə də məşqçi və idmançıların qalması üçün nəzərdə tutulan kiçik mehmanxana ilə tanış olublar. Onlar burada məşq edən uşaqların hazırlıq prosesini də izləyiblər.
Görüş zamanı gənclərin velosiped idmanına cəlb olunması, onların bacarıqlarının inkişaf etdirilməsi və gələcəkdə peşəkar idmançı kimi yetişdirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Müasir idman infrastrukturunun həm yüksək nəticələr əldə edə biləcək idmançıların yetişdirilməsi, həm də gənclər arasında sağlam həyat tərzinin təşviqi baxımından əhəmiyyəti vurğulanıb.
Ədhəm İkramov və Fərid Qayıbov idmançılar, məşqçilər, respublika olimpiya ehtiyat qüvvələri ixtisaslaşdırılmış uşaq-gənclər velosiped məktəbinin direktoru Gülnarə Məlikova və Azərbaycan velosiped idmanı federasiyasının tibb xidmətinin rəhbəri Leyla Cahani ilə söhbət ediblər.
Respublika velotrekində yaradılmış şəraiti və idman infrastrukturunu yüksək qiymətləndirən Ədhəm İkramov Azərbaycanla Özbəkistan arasında idman əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.