Velosiped federasiyasının baş katibi təsdiqlənib

Velosiped federasiyasının baş katibi təsdiqlənib

Azərbaycan velosiped idmanı federasiyasının icraiyyə komitəsinin növbəti iclası keçirilib.

Allsport.az xəbər verir ki, iclasda federasiyanın 2025-ci ilin mayından bəri gördüyü işlər, qarşıdakı dövr üçün prioritetlər və digər məsələlər müzakirə olunub.

Federasiyanın prezidenti Zaur Axundov iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. Daha sonra birinci vitse-prezident Sahib Ələkbərov hesabat dövründə görülən işlər barədə məlumat verib.

O bildirib ki, federasiyanın yeni rəhbərliyi ölkədə velosiped idmanını pandemiyadan əvvəlki səviyyəyə qaytarmağı qarşıya məqsəd qoyub. Bu istiqamətdə 2025–2028-ci illər üçün İnkişaf Strategiyasına uyğun olaraq federasiyanın maddi-texniki bazası bərpa edilib. Respublika velotrekində beton örtük və tamaşaçı tribunası, mini-futbol meydançası, qazanxana, eləcə də federansiyanın balansında olan avtomobillərin istifadəyə yararlı hissəsi təmir olunub.

Sahib Ələkbərov hesabat dövründə keçirilən yarışlardan da danışıb. O, Bakı–Xankəndi Azərbaycan velosiped yarışının yüksək səviyyədə təşkil olunduğunu və ölkəmizin beynəlxalq idman nüfuzunun möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Qeyd olunub ki, beynəlxalq velosipedçilər ittifaqının (UCI) təqvim planına daxil edilən 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan velosiped yarışı bu il mayın 10–14-də keçirilib. Beş gün davam edən yarışda 20 ölkədən 24 komanda iştirak edib. Marşrut 21 şəhər və rayonun ərazisindən keçib, yarış “Eurosport” kanalı vasitəsilə 190 ölkədə 19 dildə yayımlanıb.

“Eurosport”un rəsmi hesabatına əsasən, yarışın reklam çarxına baxış sayı 20 milyonu ötüb. Bundan başqa, “Eurosport”, “Euronevs” və “CBC Sport” kanallarında yarışla bağlı əlavə verilişlər yayımlanıb. Yarış günlərində federasiyanın “Instagram” səhifəsinə daxilolmaların sayı da ilk dəfə 2 milyonu keçib.

Federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov isə uşaq və yeniyetmələr arasında velosiped idmanının inkişafı istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, hazırda ölkənin 18 şəhər və rayonunda 500-dən çox uşağın məşğul olduğu 22 velosiped bölməsi fəaliyyət göstərir. Həmin bölmələrdə və təhsil müəssisələrində velosiped idmanı ilə məşğul olanlara 900-dən çox velosiped və qoruyucu dəbilqə təqdim edilib.

İclasda Əli Məmmədov Azərbaycan velosiped idmanı federasiyasının baş katibi vəzifəsinə təsdiqlənib. Həmçinin “Təhlükəsiz mühitin və idmançıların təhlükəsizliyinin təminatı qaydaları” qəbul olunub.

Həmin kateqoriyadan