Turan Bayramov dünya çempionatının 1/2 final mərhələsinə yüksəlib

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, 3-cü yarış günündə – oktyabrın 4-də 70 və 97 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz Turan Bayramov (70 kq) 1/8 finalda dünya 2-cisi Adam Batırovla qarşılaşıb. Təcrübəli Bəhreyn təmsilçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşdə həmyerlimiz əzmkar qələbə qazanıb. 1/4 finaldakı rəqib də dünya 2-cisi olub. ABŞ idmançısı Ceyms Qrinlə qarşılaşma da dramatik məcrada keçib. Yekunda qələbəni minimal fərqlə əldə edən T.Bayramov dünya çempionatının yarımfinalına yüksəlib. Güləşçimizin rəqibi polşalı Məhəmmədmurad Hacıyev olacaq. 1/2 final görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Digər güləşçimiz İslam İlyasov (97 kq) debütdə Belarus idmançısına minimal fərqlə uduzub.

Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.

Həmin kateqoriyadan