U-23 güləş komandalarımızın dünya çempionatı sınağı

12-18 noyabrda Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda ölkəmizi hər 3 yığmamız təmsil edəcək.

Baş məşqçi Şaban Donat, məşqçilər Emin Əhmədov və Turac Hüseyinlinin rəhbərliyi ilə “klassiklər”in heyətində Murad Məmmədov (60 kq), Ramiz Məmmədov (63 kq), Kərim Cəfərov (67 kq), İslambəy Dadov (72 kq), Eltun Vəzirzadə (82 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyev (97 kq) yer alıblar.

Aslan Ağayevin başçılığı ilə qadınlardan ibarət millimizin üç üzvü – Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (57 kq) və Səbirə Əliyeva (76 kq) qüvvəsini sınayacaq.

Baş məşqçi Firdovsi Umudov və məşqçilər Arif Abdullayev, Sadruddin Ayqubovun “sərbəstlərdə” Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Əli Rəhimzadə (65 kq), İsmayıl Abdullayev (74 kq), Murad Süleymanov (86 kq), Şamil Zubairov (92 kq) və Nurməhəmməd Hacıyevə (97 kq) fürsət verəcək.

Dünya çempionatının proqramına əsasən, əvvəlcə yunan-Roma (12-14 noyabr), sonra qadınlar (14-16 noyabr), daha sonra sərbəst güləşçilər (16-18 noyabr) xalça üzərinə çıxacaqlar.

Görüşlərin idarə edilməsində I-S dərəcəli beynəlxalq hakim İntiqam Alıyev yer alacaq.

Həmin kateqoriyadan