U-23 qitə çempionatında

Gələn həftə güləşçilərimiz ilin ilk ciddi sınağına çıxacaq. Allsport.az saytı xəbər verir ki, martın 7-dən 13-dək Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatı keçiriləcək. 7-ci dəfə təşkil olunacaq analoji yarışda 34 ölkədən 420 bahadırın iştirakı gözlənilir. “Klassiklər”də 157, qadınlarda 118, “sərbəstlər”də 145 idmançının adı sifariş olunub. 

Yarışın ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Martın 7-9-u aralığında məşqçilər Rövşən Bayramov və Həsən Əliyevin rəhbərliyi ilə Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Adəm Hacızadə (72 kq), Xasay Həsənli (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) uğur qazanmağa çalışacaq.

Ayın 8-də qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün zərif cinsin nümayəndələri xalça üzərinə çıxacaq. Məşqçilər Həsrət Məmmədyarovla Solmaz Adilovanın rəhbərliyi ilə Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) çıxış edəcəklər.

Martın 10-da sərbəst güləşdə püşkatma mərasimi baş tutacaq. Ertəsi gün bu növdə mübarizəyə start veriləcək. AÇ-nin son 3 günündə məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi ilə Tofiq Əliyev (57 kq), Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Əbubəkr Abakarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) mübarizə aparacaqlar.

Qitə birinciliyində 1 dərəcəli beynəlxalq hakimlərimizdən Hicran Şərifov və Tural Əliyev ədaləti qoruyacaq.

Həmin kateqoriyadan