“Xəzri” güləş klubu “Gələcəyin olimpiyaçıları” turnirində qalib oldu

Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında AGF-nin 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr arasında “Gələcəyin olimpiyaçıları” komanda yarışları start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 8 klub mübarizə aparıb. “Həyat”, “Xəzri”, “Nardaran” və “Aran” Güləş Klubları “A”, “Müşviqabad”, “Azəri”, “Xosrov Cəfərov” Güləş Klubları və Zenit İdman Cəmiyyətinin komandaları isə “B” qrupunda yarışıb.

Qrupda keçirdiyi bütün görüşləri qələbə ilə tamamlayan “Xəzri” və “Azəri” Güləş Klublarının komandaları yarışların finalına vəsiqə qazanıb. Həlledici görüşdə hesab 5:5, xalların sayı 21:21 bərabər olub. Ancaq təmiz qələbələrin sayəsində “Xəzri” GK komandası rəqibindən üstün olub və turnirin qızıl medalına sahib olub. “Azəri” GK komandası isə gümüş medalla kifayətlənib.

Bürünc medal uğrunda görüşdə Zenit İdman Cəmiyyətinin təmsilçiləri “Həyat” Güləş Klubu komandasını xal hesabı ilə 26:20 (5:5) üstələyib. “Müşviqabad” güləşçiləri “Aran” klubundan güclü olub və turniri beşinci yerdə tamamlayıb. “Nardaran” güləşçiləri isə “Xosrov Cəfərov” Güləş Klubunun təmsilçilərini məğlub edib və turniri yeddinci sırada başa vurub.

Turnirin ikinci günündə isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək. Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif edilir.

Həmin kateqoriyadan