«Xallı bəbirlər» Kanada millisinin voleybolçusu ilə güclənib

Yeni mövsümdə çempionluğu hədəfləyən «Azəryol» sıralarını genişləndirməkdədir. Allsport.az saytı xəbər verir ki, ölkəmizi CEV kubokunda təmsil edəcək «xallı bəbirlər» Kanada millisinin hücumçusu Kila Riçeyi heyətinə qatıb. 26 yaşlı şimalı amerikalı ilə 1 illik müqavilə imzalanıb. 188 sm boya malik Riçeyın özünü yaxşı tərəfdən göstərəcəyi halda, daha 1 il Bakıda qala bilər.

“University of British Columbia”da (2007-2008, 2011-2012) voleybolun sirlərinə yiyələnən kanadalı oyunçu paytaxtımıza gəlincə, Almaniya, Türkiyə və İtaliyada legioner həyatı yaşayıb. O, “Potsdam” (2013, Almaniya), “Yeşilyurt” (2013-2014, Türkiyə), “Urbino” (2014-2015, İtaliya) və “Rote Raben” (2015, Almaniya) klublarının şərəfini qoruyub. 2009-cu ildən yığmasının formasını geyinən Kila əsas komandasının heyətində 67 oyuna çıxıb.

Qeyd edək ki, Riçeyin “Azəryol”a transferi ilə klubdakı oyunçuların sayı 16-ya çatıb. Bakı klubu daha əvvəl Marin Apitz (Almaniya), Şəfaqət Həbibova, Ceyran Əliyeva, Yuliya Kərimova, Çinarə Quliyeva, Leyla Parşkova, Aynur Kərimova, Yelena Parxomenko, Yekaterina Jidkova (hamısı Azərbaycan) Malika Kanzonq (Tailand), Stefani Niemer, Janell Saykes, Loren Vayt (hamısı ABŞ), Anna Stepanyuk (Ukrayna) və Kinqa Kasprjakı (Polşa) rənglərinə bağlayıb.

Həmin kateqoriyadan