“Xilasedici”nin rəsmisi: İranlı və rusiyalı legionçuları təcili geri göndərə bildik

Dünyanı bürüyən koronavirus xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı kişi voleybolçuların yüksək liqası növbəti, bu dəfə qeyri-müəyyən zamanadək dayandırıldı. Belədə, komandalarımızda çıxış edən legionçular da geri göndərilib.

“Xilasedici”nin rəsmisi və liberosu İlqar İmamquliyev allsport.az saytına açıqlamasında deyib ki, klub lazımi tədbiri görüb: “Ölkədə fəaliyyət göstərən bütün bölmələrdə məşqlər dayandı. Biz öz növbəmizdə, iranlı və rusiyalı legionçuları təcili öz vətənlərinə geri dönmələrinə şərait yaratdıq.

Onlar ən qısa zamanda geri qayıtdılar və indi ailələrinin yanındadılar. Əməli olaraq, mövsüm bitmiş sayılır. Əsas can sağlığıdır. Növbəti mövsümdə oyunçularımızı yenidən heyətdə görə biləcəyik”.

Xatırladaq ki, İlqar İmamquliyev tanınmış voleybol meneceri olmaqla yanaşı, milli idman brendi “İl’Azero”nun sahibidir.

Həmin kateqoriyadan