“Yaponiyalı rəqibim güləşə zidd çox hərəkətlər edirdi”

“Fikrimcə, final üçün hər şeyi düzgün qurmuşdum. Hətta deyərdim ki, rəqib fiziki cəhətdən çox zəif idi. Döşəkdə bunu hiss edirdim. Rəqibin ayağıma girəcəyini bilirdim. Görüşün əvvəlindən 5-6 dəfə buna cəhd göstərdi, ayağımı vermədim. Amma son saniyələrdə xal verdim”.

Allsport.az saytı xəbər verir ki, bunu Tokio oyunlarında gümüş medal qazanan sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) deyib. Titullu bahadırımız yaponiyalı Takuto Otoquronun hiyləgərlik etdiyini əlavə edib:

“Yaponiyalı idmançı heç nədən tez-tez görüşü saxlayırdı ki, guya zədə alıb. Güləşə zidd hərəkətlər də çox edirdi. Gah kəllə vururdu, gah cırmaq atırdı. Bunlar güləşdə olan şeylərdir. Olimpiya çempionluğu üçün çox zəhmət çəkmişdim. Deməli, qismətimdə gümüş medal var imiş.

Güləşdiyim anda elə görünürdü ki, mənim də aktivimə 2 xal yazılmalıdır. Amma məncə, hakimlər düz qərar verdilər. Deməzdim ki, ədalətsiz qərar verdilər. Sadəcə, sona yaxın rəqib qaçırdı. Mənə elə gəlir ki, illərdir verilən tapşırığı layiqincə yerinə yetirə bildim.

30 yaşlı 3-qat dünya və 3-qat Avropa çempionu növbəti “dördilliy”ə qatılmayacağını istisna etməyib: “Bu, bəlkə də, son olimpiadamdır. Heyfsilənmirəm, şükür Allaha ki, medal qazana bildim”.

Hacı Əliyev Rio-2016-da bürünc medal qazanmışdı.

Həmin kateqoriyadan