“Yaşar Doğu”da güləşənlər: Komandalarımıza vitse-prezident Firdovsi Umudov rəhbərlik edir

Yanvarın 10-dan 12-dək İstanbulda sərbəst və qadın güləşi üzrə Türkiyənin olimpiya, dünya və qitə çempionu Yaşar Doğunun xatirə turniri keçiriləcək. Allsport.az xəbər verir ki, ənənəvi yarışda ölkəmizi həm sərbəst, həm də qadın güləşçilərimiz təmsil edəcək.

Kişilərin mübarizəsində ölkəmizi baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Əfqan XaşalovPərviz İbrahimovGeorgi Edişeraşvili (hamısı – 57 kq), İntiqam VəlizadəRuslan Qasımov (61 kq), Əli RəhimzadəTuran Bayramov (hər ikisi 65 kq), Ağahüseyn Mustafayev (70 kq), Toğrul ƏsgərovHacımurad HacıyevHacımurad Ömərov (74 kq), Abubakr Abakarov (79 kq), Cəbrayıl HəsənovOsman NurməhəmmədovHacımurad Məhəmmədsəidov (hamısı 86 kq), Şamil ZubairovAslanbəy Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər.

Qadınların yarışında baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira QəmbərovaTatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) qüvvəsini sınayacaqlar. Nümayəndə heyətinə yanvarın 5-də 43-cü doğum gününə qovuşan AGF-in vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edəcək.

15-ə yaxın ölkədən pəhləvanların çıxış edəcəyi turnir İstanbul Bağçılar qapalı idman salonunda təşkil olunacaq. Beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev 48-ci dəfə keçiriləcək ənənəvi yarışda ədaləti qoruyacaq. Turniri Türkiyənin “TRT Spor-2” telekanalı canlı yayımlayacaq.

Həmin kateqoriyadan