Yaşar Doğunun xatirə turnirindən 1 qızıl və 2 bürünc medalla

İstanbulda Türkiyənin tanınmış sərbəst güləşçisi Yaşar Doğunun xatirəsinə 43-cü beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda milli komandamızın 6 üzvü iştirak edib.

Məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi altında turnirdə mübarizə aparan güləşçilərimiz yarışların ilk günü 2 bürünc medal qazanıb. Ruslan Qasımov (57 kq) və Ağahüseyn Mustafayev (65 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Turnirin ikinci günündə isə, təmsilçimiz Aleksandr Qostiyev (86 kq) yığmamıza qızıl medal qazandırıb. Finala qədər bütün rəqiblərindən üstün olan güləşçimiz həlledici görüşdə Polşa təmsilçisinə də heç bir şans verməyib.

Beləliklə, Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 43-cü beynəlxalq turniri sərbəst güləşçilərimiz 1 qızıl və 2 bürünc medalla başa vurub. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edib.

Həmin kateqoriyadan