Yeniyetmə güləşçilərimiz “Yadigar İmam kuboku”nda

29-30 yanvarda İran İslam Respublikasının Məşhəd şəhərində yeniyetmələr arasında “Yadigar İmam kuboku” beynəlxalq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımız iştirak edəcək.

Məşqçilər İslam Cəfərov və Fuad Əliyevin rəhbərliyi ilə Arazın o tayına yollanancaq “klassiklər”in heyətinə 10 güləşi daxil edilib. Bunlar Mirsirac Həsənli (42 kq), Ramal Əhədli (46 kq), Nurağa Yusifli (50 kq), Xancavad Məcidzadə (54 kq), Məhəmmədəli Həsənli (58 kq), Ceyhun Nəsirov (63 kq), Cavanşir Qasımov (69 kq), Nəzərşah Fətullayev (76 kq), Yaşar Zamanov (85 kq) və Rauf Məmmədlidir (100 kq).

Sərbəst güləşçilərin yarışında Şahin Muxtarov (42 kq), İntiqam Vəlizadə (46 kq), Əliabbas Rzazadə (50 kq), Kənan Ağamalıyev (54 kq), Fazil Həsənov, Fizuli Hüseynov (hər ikisi – 58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Ravil Babazadə və Əhliman Quliyev (76 kq) mübarizə aparacaqlar. Seçmə komandaya böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədov rəhbərlik edəcəklər.

Beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev görüşlərin idarə edilməsində iştirak edəcək. Turnirin proqramına əsasən, yanvarın 29-da sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq, yunan-Roma güləşi üzrə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Sərbəst güləş üzrə 46, 54, 63, 76 və 100 kq, yunan-Roma güləşi üzrə 42, 50, 58, 69 və 85 kq çəkidə idmançılar isə yanvarın 30-da çıxış edəcəklər.

Həmin kateqoriyadan