Yeniyetmə sərbəst güləş millimiz Moskvanın 2 komandasına qalib gəlib

Yeniyetmə sərbəst güləşçilərdən ibarət millimiz Moskva şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin dəvəti ilə qonşu ölkənin paytaxtında təlim-məşq toplanışında iştirak edib. Allsport.az saytı xəbər verir ki, məşqçi Rövşən Umudovun rəhbərliyi ilə yığmamızın 6 üzvünün iştirak etdiyi hazırlığın sonunda komandalar arasında yoldaşlıq görüşü keçirilib.

Moskvanın 2 kollektivi ilə qarşılaşan millimiz 6:0 və 5:1 hesablı qələbə qazanıb. 2000-2001-ci il təvəllüdlü idmançılar arasında keçirilən yoldaşlıq görüşü zamanı yığmamızı Tofiq Əliyev (42 kq), Ramiz Həsənov (46 kq), Mahir Məmmədzadə (50 kq), Vüsal Hüseynov (54 kq), Hacıağa Məmmədov (58 kq) və Vahid Əlizadə (63 kq) təmsil ediblər.

Xatırladaq ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Moskva şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin hər 2 paytaxt şəhər arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə əldə etdiyi razılıq əsasında baş tutan qarşılıqlı səfərlər çərçivəsində Moskva idmançıları ötən il şəhərimizin qonağı olub.

Həmin kateqoriyadan