Yüksək liqada növbəti tur

Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib. Allsport.az xəbər verir ki, yanvarın 12-də kişi voleybolçular arasında yüksək liqada I dövrənin növbəti oyunları keçiriləcək.

Həmin gün baş tutacaq II tura saat 16:00-da “Neftçi” – “Xarı bülbül” görüşü ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK və “Murov” qarşılaşması keçiriləcək. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Yanvarın 13-də isə qadın voleybolçular arasında yüksək liqada II turun oyunlarına start veriləcək. Voleybol Mərkəzində təşkil olunacaq turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Abşeron” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” – UNEC dueli start götürəcək.

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk turdan sonra aktivinə 3 xal yazdırmış “Xarı bülbül” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. “Neftçi” və MOİK-in isə hələ ki, xalı yoxdur.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında isə I turdan sonra hərəyə 3 xal qazanmış “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. “Abşeron” və UNEC isə turu xalsız başa vurub.

Həmin kateqoriyadan